ABŞ-da 2013 model “BMW X5” avtomobilinin “soft close” (yumşaq bağlanan) qapısına baş barmağı sıxılan sürücü şirkəti məhkəməyə verdi. Məhkəmə prosesini qazanan sürücü “BMW”dən 1,9 milyon dollar təzminat almağa haqq qazandı.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da yaşayan Qodvin Boatenq 10 il əvvəl yaşanan bu hadisə ilə bağlı Alman avtomobil istehsalçısı “BMW”yə qarşı iddia qaldırıb. Boatenq bildirib ki, 2013 model “BMW X5”dəki “soft close” mexanizmi səbəbindən baş barmağının ucu qopub..
İddia ərizəsində göstərilir ki, sürücü avtomobil qapısının təxminən 30 sm açıq olan dirəyinə əlini dayadığı anda “soft close” mexanizmi işə düşərək qapını avtomatik çəkib və barmağının yuxarı hissəsini qoparıb. Qəzanın ardından “BMW” mexanizmdə hər hansı qüsur olmadığını bildirsə də, sürücü proqram mühəndisi kimi bunun təhlükəsizlik sensori olmadığını əsas gətirərək məsələni məhkəməyə çıxarıb.
ABŞ məhkəməsi 2024-cü ilin ortalarında Boatenqi haqlı hesab edib və “BMW”nin ümumilikdə 1,905 milyon dollar (3,24 milyon manat) təzminat ödəməsi barədə qərar verib. Təzminatın içində keçmiş ağrı və iztirablar üçün 800 min dollar, gələcək ağrı və iztirablar üçün 850 min dollar, həmçinin keçmiş qazanc itkisi üçün təxminən 255 min dollar yer alıb.
“BMW” qərara etiraz etsə də, münsiflər heyəti təzminatın ödənilməsi barədə hökm verib.
Cavid, BakuPost