Ru
12:52 / 08 Avqust 2025

Bolqarçay anbarının tutumu 80% azalıb: Təcili tədbir görülməlidir - FOTO

Bolqarçay anbarının tutumu 80% azalıb:  Təcili tədbir görülməlidir - FOTO
Eye

Biləsuvar Azərbaycanın su çatışmazlığından ən çox təsirlənən bölgələrindən biridir. Yayda , xüsusən də iyul–avqust aylarında kəskin istilər və quraqlıq şəraiti, təbii su mənbələrinin məhdudluğu səbəbindən rayonun su təminatı xeyli çətinləşir. Bu ərazidə başlıca su mənbəyi uzunluğu 163 km, hövzəsinin sahəsi isə 2170 km² olan Bolqarçaydır. Çay öz başlanğıcını Qarıçadağın şimal yamacından (1716 m yüksəklikdən) götürür, Mahmudçala gölünə axır və yuxarı axarında Azərbaycan–İran sərhəd xəttinin bir hissəsini təşkil edir.

Bolqarçayın illik su həcminin 90–95%-i yağış sularının hesabına formalaşır. Yaz və payız aylarında bol sulu daşqınlar müşahidə olunsa da, yayda çayın bəzi hissələri tamamilə quruyur. Bu səbəbdən 1965-ci ildə Biləsuvarda su anbarı inşa edilib. Hündürlüyü 17,4 metr, uzunluğu 4,6 kilometr olan bənd vasitəsilə yaradılmış anbarın ilkin tutumu 12 milyon kubmetr olub. Məqsəd əsasən, 3300 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin etmək idi.

Lakin ötən onilliklər ərzində təbii çöküntü, lil və torpaq eroziyası nəticəsində anbarın tutumu ciddi şəkildə azalıb və ilkin həcmin təxminən 80%-i dolub. Bu isə həm kənd təsərrüfatında suvarma imkanlarını məhdudlaşdırır, həm də içməli su təminatında problemlərə səbəb olur. Mütəxəssislərin rəyinə görə, anbarın müasir texnologiyalarla təmizlənməsi, tutumunun bərpa olunması və imkan daxilində genişləndirilməsi bölgənin su təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır.

Bolqarçay hövzəsində qış və yaz aylarında yağan bol suların toplanması üçün əlavə su toplama qurğularının yaradılması mühümdür. Bu yanaşma quraqlıq dövrlərində su çatışmazlığını azaldar, kənd təsərrüfatı məhsuldarlığını artırar və ərzaq təhlükəsizliyini möhkəmləndirər.

Dünyada bu istiqamətdə uğurlu təcrübələr mövcuddur. Məsələn, Sinqapurda illik orta yağıntı 2000 mm-dən çoxdur və ölkəyə yağan yağışın təxminən üçdə ikisi 17 böyük su anbarında toplanır. Damüstü su yığma sistemləri, geniş kanal və drenaj şəbəkələri, eləcə də təmizləmə qurğuları vasitəsilə yağış suları toplanaraq istifadəyə verilir. Bu modelin uyğunlaşdırılmış forması Bolqarçay hövzəsində də tətbiq oluna bilər.

Bolqarçay Su Anbarının təmizlənməsi, tutumunun artırılması və müasir yağış suyu toplama sistemlərinin qurulması təkcə texniki tədbir deyil, həm də Biləsuvar və Cəlilabadın kənd təsərrüfatı, içməli su təminatı və ekoloji təhlükəsizliyi üçün əsas strateji addımdır.

Su ehtiyatlarının səmərəli idarə olunması bu gün üçün olduğu kimi, gələcək nəsillərin sosial rifahı və iqtisadi sabitliyi üçün də zəmanətdir. İqlim dəyişmələri, quraqlıq və suvarma çətinlikləri kimi amillər nəzərə alınarsa, bu layihələr bölgənin sosial-iqtisadi inkişafı üçün həlledici olacaq.

Anbarların təmizlənməsi, tutumun artırılması, müasir paylama və su toplama sistemlərinin tətbiqi regionun kənd təsərrüfatı ixrac potensialını genişləndirəcək, ərzaq təhlükəsizliyini möhkəmləndirəcək və ekoloji tarazlığı qoruyacaq.

Suya sahib olan bölgə həm bu gün, həm də sabah güclü olacaq.

Samir Əsədli

Bolqarçay anbarının tutumu 80% azalıb:  Təcili tədbir görülməlidir - FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar