Böyük Britaniyanın ABŞ-dəkı səfiri Piter Mandelson maliyyəçi Cefri Epşteynlə yazışmalarının təfərrüatı məlum olduqdan sonra işdən çıxarılıb.
Bakupost.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat verib.
"Böyük Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Baş nazir Kir Starmer xarici işlər naziri İvett Kuperdən xahiş edib ki, Mandelsonun elektron poçt yazışmaları haqqında daha çox məlumat əldə edilməsi səbəbindən o, səfir vəzifəsindən azad edilsin", - deyə məlumatda bildirilib.
Söhbət Mandelsonun Epşteynə ünvanlandığı və artıq həbsdə olan maliyyəçiyə dəstək sözlərinin ifadə olunduğu, ictimaiyyətə məlum olan elektron məktublardan gedir.
Məktubların dərc edilməsi ABŞ-də Epşteynin 50 illik yubileyi münasibətilə təbrik kitabının nəşrindən sonra baş verib və orada keçmiş səfir onu "yaxşı dost" adlandırıb.
Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dautinin sözlərinə görə, Mandelson səfir təyin edilərkən Epşteynlə münasibətlərinin miqyasını gizlədib.
Xatırladaq ki, Cefri Epşteyn əsasən uşaq alveri, fahişəliyin, o cümlədən yetkinlik yaşına çatmayanların fahişəliyinin təşkili və 14 yaşlı qıza təcavüz də daxil olmaqla, bir neçə cinayətə görə məhkum edilmiş maliyyəçidir. 2019-cu ildə Epşteyn həbsxana kamerasında ölü tapılıb, məhkəmə-tibbi ekspertləri isə onun ölüm səbəbinin intihar olduğunu bildiriblər, lakin bir çoxları hələ də bu versiyaya şübhə edir. Epşteynin işi, bir çox varlı və yüksəkrütbəli insanlarla yaxın münasibətdə olduğu üçün geniş diqqət çəkib.