Ru
13:13 / 26 Yanvar 2026

“Bu il ticarət dövriyyəsi mənfi saldoya düşəcək” – İqtisadçıdan bədbin proqnoz

“Bu il ticarət dövriyyəsi mənfi saldoya düşəcək” – İqtisadçıdan bədbin proqnoz
Eye

“Rəsmi məlumat – “Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb. Son nəticədə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 8,3 dəfə azdır”.

Bakupost.az xəbər verir ki, bu sözləri “ReAl” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədəki səhifəsində yazıb.

İqtisadçı qeyd edib ki, ixracımız azalır – çünki, ixrac etdiyimiz neftdir (neft məhsulları və qaz da daxil), onun da hasılatı və qiyməti düşür: “İdxalımız artır – çünki, ölkədə nəsə istehsal etmək sərfəli deyil, yerli istehsal azalır, tələbat isə artır (əhali artır, tikinti işləri gedir və s.) nəticədə Azərbaycanın xaricdən asılılığı yüksəlir.

Ticarət dövriyyəsində müsbət saldo 8 dəfədən çox azalıb, cəmi 663 milyon dollarlıq fərq yaranıb, bu il, 2026-cı ildə ticarət dövriyyəsi mənfi saldoya düşəcək”.

Partiya sədri sual verir ki, bəs hökumət bu rəsmi rəqəmlərdən dərs çıxarıb getdiyi səhv yoldan dönmək, həddindən artıq tənzimləmədən əl çəkmək, vergi-gömrük rüsumlarını aşağı salmır, biznes mühitini yaxşılaşdırmaq, mənasız nəzarətedici qurumları azaltmaq istəyirmi?!

“Məncə yox, səbəb kimi daha bir rəsmi məlumatı misal göstərmək olar, AQTA: “Qida təhlükəsizliyinin təmin edilməsinə dair növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır. "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir, "Heyvan sağlamlığı haqqında" qanun layihəsi isə hazırlanaraq hüquqi ekspertizadan keçirilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb”.

Mənasız qurum olan, biznesin işinə lazımsız müdaxilələr edən AQTA, öz təsirlərini artırmaq istəyir, Avropa Birliyini iqtisadi tənəzzülə sürüklən “over-regulation” (şişmiş inzibati nəzarət və aşırı tənzimləmə) yanaşmasından əl çəkmək istəmir”.



N.Cəfərlinin sözlərinə görə, ölkədə kiçik və effektiv hökumət modelinə keçmək lazımdır, bu varolma məsələsidir, amma, görünən odur ki, bu modelə “məmur kastası” ciddi müqavimət göstərir və göstərəcək: “Məsuliyyətsiz səlahiyyət toplamağa davam edəcəklər ki, bu həddindən artıq səlahiyyəti də biznesi boğmaq, rüşvət və korrupsiya üçün istəyirlər.

Ölkənin bir nömrəli vəzifəsi iqtisadi artım tempini yüksəltmək, iqtisadi aktivliyi artırmaq olmalıdır – bunun üçün tənzimləmə məntiqli, vergilər aşağı, gömrük şəffaf olmalı, kiçik-orta sahibkara qulluq edən, onları baş tacına çevirən sistem yaradılmalıdır”.

“Hökumət isə tam əks yolla gedir – tənzimləməni, vergiləri, rüsumları, cərimələri artırır, çünki, onların düşüncəsinə görə əsas problem büdcə gəlirlərinin azalmasıdır. Səhv yoldur, səhv düşüncədir və ölkə üçün ciddi mənfi fəsadları olacaq.

Məndən demək, özünüz bilərsiniz...”, – deyə N.Cəfərli fikrini yekunlaşdırıb.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar