İtaliyanın Komo şəhərində sentyabr ayından etibarən şəhər mərkəzində velosipedlərdən istifadə qadağan ediləcək.
"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, qadağa həm adi, həm də elektrikli velosipedlərə şamil olunacaq və təxminən 30 küçəni əhatə edəcək.
Yeni qaydalara əsasən, həmin küçələrdə velosipedçilər nəqliyyat vasitələrindən düşərək yollarına piyada davam etməli olacaqlar.
Qərarın ictimaiyyətə açıqlanmasından sonra şəhər sakinləri və siyasətçilər arasında narazılıq yaranıb. Tənqidçilər qadağanın velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadə edən insanlara, eləcə də, kuryerlərə və velosipedlə işləyən biznes sahiblərinə ciddi çətinlik yaradacağını bildirirlər.
Komo meri Alessandro Rapineze isə qərarı velosipedlərin piyadalar üçün yaratdığı təhlükə ilə əsaslandırıb.
Merin sözlərinə görə, onun bu qərarı qəbul etməsində şəxsi təcrübəsi də rol oynayıb. Rapineze daha əvvəl elektrikli velosiped tərəfindən vurulduğunu təsdiqləyib.
“Deyilənə görə, bu qərarı elektrikli velosiped vurduğu üçün vermişəm. Bu, tamamilə doğrudur. İnsanlar öz təcrübələrinə uyğun hərəkət edirlər və mən bu canavarlardan birinin vurmasının necə hiss etdirdiyini bilirəm”, – Rapineze bildirib.
Qərarın əleyhdarları hesab edirlər ki, velosipedlərin tamamilə qadağan edilməsi əvəzinə, təhlükəli və qaydalara zidd hərəkət edən sürücülərə qarşı nəzarət gücləndirilməlidir.
Onların sözlərinə görə, qadağaya düşən küçələr Komo gölünə doğru uzanan, velosipedlə hərəkət üçün əlverişli əsas marşrutlardır. Bu səbəbdən yeni qaydaların şəhərdə ekoloji və daha əlçatan nəqliyyat vasitələrindən istifadəyə mənfi təsir göstərəcəyi vurğulanır.