Xəbər verdiyimiz kimi, Azərbaycandan Türkiyəyə uçan “C-130” tipli hərbi-nəqliyyat təyyarəsi Gürcüstan–Azərbaycan sərhədi üzərində qəzaya uğrayıb.
Bakupost.az həmin təyyarənin özəlliklərini təqdim edir.
“C-130 Hercules” – hərbi nəqliyyat aviasiyasının “bel sütunu”
“Lockheed C-130 Hercules” ABŞ-nin “Lockheed Martin” şirkəti tərəfindən istehsal olunan, dörd turboprop mühərrikə malik çoxməqsədli hərbi yük təyyarəsidir.
Qiyməti 66.5 milyon dollar olan təyyarə torpaq zolaqlara enib və qalxa edə bilməsi üçün hazırlanıb. O, hərbi yüklərin, şəxsi heyətin daşınması, tibbi və humanitar təxliyə məqsədləri üçün istifadə olunur.
1954-cü ildən bəri istehsal edilən bu modelin 2 500-dən artıq nüsxəsi hazırlanıb və hazırda 60-dan çox ölkənin – o cümlədən ABŞ, Kanada, Avstraliya və Türkiyənin hərbi hava qüvvələrinin arsenalında yer alır.
Türkiyə Hərbi Hava Qüvvələri “C-130” təyyarələrini 1963-cü ildən istifadə edir.
Texniki göstəricilər və üstünlüklər
Daşıma təyinatı: şəxsi heyət və ya müxtəlif ölçülü texnika.
Daşıya biləcəyi yüklər: Zirehli texnika, helikopter, konteynerlər.
Hava əməliyyatları: 9 tonadək yükü havadan atmaq və ya çətin relyefə malik sahələrə enmək mümkündür.
Çoxfunksiyalı modul sistem: Təyyarə qısa zamanda yük, tibbi təxliyə və ya desant əməliyyatları üçün idealdır.
Heyət üzvü: 4-6 nəfər
Uzunluğu: 29.79 m
Qanad eni: 40.41 m
Hündürlüyü: 11.84 m
Qanadın sahəsi: 162.12 m²
Boş kütlə: 34.274 kq
Qalxma zamanı normal çəki: 70.450 kq
Qalxma zamanı maksimal çəki: 79.380 kq
Yük götürmə qabiliyyəti: 18.955 kq
Şəxsi heyət tutumu: 92 nəfər tam təchizatlı əsgər və ya 64 ədəd xərək
Daxili yanacaq çənlərin tutumu: 20.819 kq
Mühərrik: 4 ədəd Rolls-Royce AE 2100D3 turbopərvanəli (turboprop) mühərrik
Mühərrikin itələmə qüvvəsi: 4 ədəd 3.430 kW (4.590 at gücü)
Maksimal sürəti: 620 km/saat
Kreyser sürəti: 602 km/saat
Uçuş məsafəsi (yük olmadan): 7.900 km; (18 ton yük ilə): 3.791 km
Uçuş yüksəkliyi: 10.060 m
Qalxma məsafəsi: 1433 m
Enmə məsafəsi: 777 m
“C-130J” – ən son model
“C-130J” və “C-130J-30” modelləri seriyanın ən müasir versiyaları hesab olunur. Bu təyyarələr – tam rəqəmsal aviotexniki sistem, iki pilotlu uçuş kabinəsi, GPS və ətalət naviqasiya sistemləri, altı qanadlı kompozit pərlər, rəqəmsal avtopilot və müdafiə sistemləri ilə təchiz olunub.
Yeni model əvvəlkilərlə müqayisədə daha sürətli, daha yüksək məsafəli və daha qısa eniş-qalxış məsafəsinə malikdir.
“C-130 Hercules” bu gün dünyanın ən çox istifadə olunan hərbi-nəqliyyat təyyarələrindən biri olaraq qalır və müasir hərbi əməliyyatların onurğa sütunu hesab olunur.
Cavid, BakuPost