Ru
00:00 / 04 Oktyabr 2020

Cəbhə xülasəsi: Madagiz bizimdir!

24693
Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulub. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

“BakuPost” 7 gündür davam edən müharibənin oktyabrın 3-nə olan xülasəsini təqdim edir:

Səhər saat 08:23 radələrində Ermənistan tərəfi Dağlıq Qarabağ ərazisinin şimal və cənub qismində şiddətli döyüşlərin getdiyini bildirib. Qondarma Dağlıq Qarabağ
Respublikasının prezidenti Arayik Harutyunyan həmin ərazilərə baş çəkib.

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutub.

Saat 10:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısının alınması və ona sarsıdıcı zərbələr endirilməsini özündə əks etdirən videogörüntüləri yayımlayıb.

Gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləbad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tap Qaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.

Ermənistan ordusunun Tərtərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha iki mülki vətəndaş xəsarət alıb. Onlar Qapanlı kənd sakinləri, 1984-cü il təvəllüdlü Quliyev Vasif Qasım oğlu və 1985-ci il təvəllüdlü Quliyev Pərviz Cəfər oğludur.
Saat 16:30 radələrində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun ağır itkilər verdiyini özündə əks etdirən videogörüntülər yayımlayıb.

Saat 19 radələrində İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan Ordusunun Madagizi işğaldan azad etdiyini və həmin ərazilərdə Azərbaycan bayrağının qaldırıldığını açıqlayıb.

Həmçinin İlham Əliyevin verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan bərpa edildi.

Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Madagiz (Suqovuşan) kəndi Azərbaycan Respublikası Tərtər rayonunun kəndlərindən biridir.

Madagiz əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürülüb. Madagiz kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Madagiz ilk dəfə 1991-1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Lakin 1994-cü ilin aprelində Ermənistan tərəfindən işğal edilib.

Kənd ərazisində Madagiz su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir. Ermənilər Madagizi işğal etdikdən sonra burada hərbi hissələr yaradıb. 49971 saylı hərbi hissə Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunurdu. Bundan başqa erməni ordusunun "6-cı müdafiə rayonu" kimi qeyd etdiyi 33651 nömrəli hərbi hissə də Madagizdə yerləşirdi.

Azərbaycan Ordusu bu gün ərzində Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini işğaldan azad edib.
Saat 23 radələrində Azərbaycanın Müdafiə Nazirliyi ordumuzun işğaldan azad etdiyi görüntüləri yayımlayıb:
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər