Ru
16:48 / 30 Mart 2021

Cəmil Həsənlinin qızının videosuna YAP-çı deputatlardan KƏSKİN REAKSİYA

10310
Bir sıra siyasi partiya lideri və ictimai xadimlər Prezident Admnistrasiyasına və digər dövlət qurumlarına professor Cəmil Həsənliyə və ailə üzvünə qarşı törədilən, "video" cinayətkarlığına aydınlıq gətirilməsini, göstərilən rəzil cinayətin təşkilatçı və icraçılarının ən tez bir zamanda tapılıb cəzalandırılması məzmununda müraciət ünvanlayıblar. Müraciətə cavab olaraq bildirilib ki, bu cinayətdə hər hansı dövlət orqanının iştirakından qəti şəkildə söz gedə bilməz, əksinə, bu hadisə dövlətə və iqtidara qarşı, xüsusən müxalifət iqtidar münasibətlərinin normallaşması və taməhatəli siyasi dialoq kursuna qarşı genişmiqyaslı təxribat hesab edirilir.

Bəs Azərbaycanda hakim partiya olan YAP-ın deputatlarının buna münasibəti necədir?

Mövzu ətrafında Bakupost.az -a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, dövlətin adını hallandırmağın heç bir əsası yoxdur:



“İqtidar-müxalifət münasibətləri konteksində bu məsələyə qiymət vermək kökündən yanlışdır. Azərbaycan dövlətinin qarşısında çox vacib məsələlər var. Bu işğaldan azad olunmuş torpaqlarımızın bərpası, yenidənqurulması ilə bağlıdır. Dövlətin, dövlət rəhbərinin gündəliyini müəyyən edən məsələlər bunlardır. Bu gün Ermənistanda revanşizm hissi ilə yaşayan qüvvələr var. Hakimiyyətə gəlib Azərbaycanla münasibətləri yenidən gərginləşdirmək istəyən dairələr var. Almaniyadan Azərbaycana təzyiqlər artıb. Bu kimi həllini gözləyən çox vacib məsələlər var. Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərə əhalinin köçürülməsi məsələsi də var. Belə olan halda dövləti ittiham etmək, məsələləri ucuzlaşdırmaq lazım deyil. Bu məsələlərə ümumiyyətlə, qarışmaq istəmirəm, onların öz şəxsi işidir. Hər kəs əxlaqi davranış səviyyəsində özünü göstərir. Bu kimi məsələlərlə dövləti ittiham etmək heç bir məntiqə sığışmır və qərəzlidir. Bu, Azərbaycanı istəməyən dairələrin uydurmasından başqa bir şey deyil”.

Deputat Naqif Həmzəyev isə bu cür videoların çəkilib, yayılmasını pisləyib:



“Çox təəssüf ki, baş verən hadisədə dövlətin adı hallanır. Ümumiyyətlə, bu cür videoların çəkilib, yayılmasında dövlətin heç bir marağı yoxdur. Ola da bilməz. Əksinə, düşünürəm ki, araşdırma aparılacaq və bu işi törədən şəxs mütləq qanun qarşısında cavab verəcək. Zəfər çalmış ölkənin vətəndaşları olaraq çalışmalıyıq ki, cəmiyyətdə yanaşmalar və proseslərin inkişafı tamamilə fərqli məcrada getsin. Siyasi mübarizə zəminində bu cür xoşagəlməz hallara qətiyyən əl atılmasın. Təhqir, ümumiyyətlə, siyasi mübarizə zamanı istifadə edilməsin. Siyasi formada siyasi mübarizə aparılsın. Baş verənlərin əsas səbəbkarları məhz Azərbaycanda gündəmi dəyişmək, yaranmış siyasi dialoqa müəyyən dərəcədə kölgə salmaq, qarşı tərəfi daha da azğınlaşdırmaq, söyüş və təhqir siyasətini yenidən bərpa etmək istəyənlərdir. Onlar da öz istəklərinə çatmayacaq. Bu cür halları törədən şəxslər qanun qarşısında mütləq cavab verəcək”.

Deputat Ramil Həsən də hesab edir ki, dövlətin adını hallandırmaq cəfəngiyyatdan başqa bir şey deyil:



“Qanun hər kəs üçün eynidir. Ona görə də hansısa vətəndaş hüquqlarının pozulduğunu hesab edirsə, bununla bağlı müvafiq dövlət qurumlarına müraciət etməlidir. Onunla bağlı lazımi ölçü götürülür və götürülməyə də davam ediləcək. Qanun çərçivəsində hər kəs atmış olduqları addımların cavabını alıb, almağa da davam edəcək. Ona görə də əminəm ki, bununla bağlı da dövlət qurumlarını ittiham etmək yerinə, insanlar öz vətəndaş hüquqlarından istifadə edib, müvafiq müraciətlərini etməlidir. Azərbaycan hökuməti hər bir vətəndaşın hüquqlarını qoruyur, bütün istiqamətlərdə əlindən gələni edir. O cümlədən, qanunvericilik hakimiyyəti sayılan Milli Məclis də bu istiqamətdə üzərinə düşən addımları atmağa davam edəcək”.

Aygün Nəbiyeva
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər