Böyük Britaniyada ilk dəfə cərrah pasiyenti 2400 kilometr məsafədən uzaqdan idarə olunan robot vasitəsilə əməliyyat edib.
Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, britaniyalı cərrah Londondan Cəbəllütariqdə yerləşən pasiyent üzərində robotlaşdırılmış sistem vasitəsilə əməliyyat aparıb, bu, ölkədə həyata keçirilən ilk uzaqdan robotik cərrahi əməliyyat kimi tarixə düşüb.
Əməliyyatı Londonda çalışan cərrah Prokar Dasqupta keçirib. O, xüsusi robotik sistemi idarə edərək 62 yaşlı Pol Bakstona prostat vəzinin çıxarılması əməliyyatını aparıb. Pasiyentə daha əvvəl prostat xərçəngi diaqnozu qoyulmuşdu.
Cərrahın sözlərinə görə, sistemin idarə olunması demək olar ki, adi əməliyyatdan fərqlənməyib. O bildirib ki, özünü sanki əməliyyat otağında, pasiyentin yanında hiss edib.
Pol Bakston İngiltərənin Somerset qraflığında yerləşən Bernem-on-Si şəhərində doğulsa da, artıq təxminən 40 ildir Cəbəllütariqdə yaşayır. O, tibbi eksperimentdə iştirak etməyə könüllü şəkildə razılıq verib.
Pasiyentin sözlərinə görə, bu üsul ona müalicə üçün Böyük Britaniyaya getmək zərurətindən xilas olmağa kömək edib. Əks halda o, Londona uçmalı, növbə gözləməli və bir neçə həftə orada qalmalı idi.
Əməliyyat fevralın 11-də həyata keçirilib və pasiyent hazırda özünü yaxşı hiss etdiyini bildirib.
Uzaqdan əməliyyat necə həyata keçirilib
Prosedur The London Clinic klinikasında Toumai robotik cərrahi sistemi vasitəsilə həyata keçirilib. Robot yüksək keyfiyyətli 3D kamera və dörd manipulyatorla təchiz olunub.
Cərrah bu manipulyatorları xüsusi idarəetmə konsolu vasitəsilə yönləndirib. Sistem Cəbəllütariqdə yerləşən əməliyyat otağı ilə optik lif kabelləri və ehtiyat 5G bağlantısı vasitəsilə birləşdirilib.
Siqnalın gecikməsi cəmi 0,06 saniyə təşkil edib. Ehtiyat tədbiri kimi, pasiyentin yanında yerli tibbi komanda da hazır vəziyyətdə olub.
Uzaq regionlar üçün yeni imkan
Həkimlərin fikrincə, uzaqdan robotik cərrahiyyə texnologiyası ucqar bölgələrdə yaşayan insanların mürəkkəb tibbi əməliyyatlara çıxışını xeyli asanlaşdıra bilər.
Prokar Dasqupta qeyd edib ki, bu texnologiya dünyanın istənilən nöqtəsində olan pasiyentlərin ən yaxşı cərrahların köməyi ilə müalicə almasına imkan verə bilər.
Artıq martın 4-də Cəbəllütariqdə daha bir test əməliyyatı həyata keçirilib. Növbəti prosedurun isə Avropa Uroloqlar Assosiasiyasının konqresi zamanı təxminən 20 min uroloq üçün canlı yayımlanması planlaşdırılır.