Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Kaya Kallas arasında geniştərkibli görüş keçirilib.
Bakupost.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.
Görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər. Müzakirələr siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, həmçinin ikitərəfli tərəfdaşlıq gündəliyinin genişləndirilməsi istiqamətlərini əhatə edib.
Müzakirələrdə enerji əməkdaşlığına xüsusi diqqət yetirilib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi rolu xüsusi vurğulanıb, eyni zamanda bərpa olunan enerji sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, görüşdə ticarət və investisiya imkanları, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, eləcə də nəqliyyat və logistika bağlantıları, xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri müzakirə olunub.
Tərəflər, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunublar. Post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri, humanitar minatəmizləmə fəaliyyəti və Cənubi Qafqazda normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə davamlı sülh və sabitliyin təmin edilməsinin əhəmiyyəti bir daha vurğulanıb.
***
15:07
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında təkbətək görüş başa çatıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
***
14:36
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qarşılayıb.