Ru
12:00 / 26 Noyabr 2021

“Covidə” yoluxmuş şəxslərə pul veriləcək? - Millət vəkillərindən TƏKLİF

6047
Milli Məclisin Covid -19-a yoluxmuş əməkdaşlarına 500 manat məbləğində maddi yardım edilib. Bu barədə Milli Məclisdə keçirilən plenar iclasda deyilib.


Bəs koronavirusa yoluxmuş vətəndaşlara hökumət tərəfindən hansısa maddi yardım oluna bilərmi?

"... bu söz-söhbətlər əsassızdır"


Məsələ ilə bağlı millət vəkili Azər Badamov Bakupost.az -a bildirib ki, kovidə yoluxmuş vətəndaşlara hər hansısa yardım edilə biləcəyi ilə bağlı söz-söhbətlər əsassızdır:

“Milli Məclisin plenar iclasında Tahir Kərimli çıxışında qeyd edib ki, Milli Məclisin kovidə yoluxmuş əməkdaşlarına 500 manat məbləğində maddi yardım göstərilib. Mənim o maddi yardımdan xəbərim yoxdur, çünki bu, deputatlara aid olmayıb. Hər-hansı bir vətəndaşın kovidə yoluxmasına görə ona hər hansısa yardım edilə biləcəyi ilə bağlı söz-söhbətlər əsassızdır. Çünki qanunvericilikdə kovid xəstəliyinə yoluxma ilə bağlı vətəndaşlara hər-hansı bir yardımın edilməsi nəzərdə tutulmayıb. Amma kovid xəstəliyi müşahidə olunmuş şəxslərin müalicəsi dövlət tərəfindən həyata keçirilir. Əgər şəxsin kovid xəstəliyi təsdiq olunarsa, təbii ki, o tam pulsuz şəkildə xəstəxanaya yerləşdirilir və dövlət tərəfindən onun müalicəsi təşkil olunur.

Qaldı ki, evdə müalicə olunan kovid xəstələr üçün dövlət büdcəsindən hər hansısa bir yardımın göstərilməsi məsələsinə, bu, əsassızdır və heç bir yerdə qeyd olunmayıb. Çünki yardımların göstərilməsi üçün hansısa bir maddə dövlət büdcəsində və yaxud Milli Məclisin büdcəsində göstərilməyibdir”.


“Covid”ə yoluxmuş vətəndaşlara pul verilməli, xərcləri qarşılanmalıdır"

Millət vəkili Fazil Mustafa bildirib ki, Milli Məclisin kovidə yoluxmuş əməkdaşlarına maddi yardımın edilməsi səslənsə də, doğru ifadə olunmayıb:

“Məsələnin mahiyyəti bundan ibarətdir ki, maddi yardımı Milli Məclisin rəhbərliyi göstərməyib. Milli Məclisin Həmkarlar Təşkilatı var və həmin əməkdaşlar üzvlük haqqı olaraq aylıq maaşlarından ora pul köçürlər. Tutaq ki, təmizlikçi xəstələnib, o, Həmkarlar Təşkilatına müraciət edir və Həmkarlar Təşkilatı da ona pul ayırır. Bu, dövlət yardımı və yaxud Milli Məclisin büdcəsindən ayrılan yardım deyil. Yəni Həmkarlar İttifaqı Konfederasiyası minlərlə üzvü olan insanlara müraciət etdikləri zaman belə yardımlar edir”.

Hökumətin kovidə yoluxmuş vətəndaşlar maddi yardım ödəməsi ilə bağlı məsələyə gəldikdə isə, millət vəkili bunları deyib:

“Bildiyiniz kimi qapanmalar olduğu zaman dövlət tərəfindən 190 manat məbləğində bir yardım olunub. Əgər yenidən qapanma olacaqsa, bu yardım təkrarlanacaq. Lakin indi heç bir qapanma yoxdur. Qeyd edim ki, əslində bizdə də kovidə yoluxmuş insanlara maddi yardım ödənməlidir, amma niyə ödənilmir?

Belə əsaslandırırlar ki, xəstəxanalarda kovidə yoluxmuş şəxslərin bütün müalicəsi pulsuzdur. Bəli, müəyyən dərəcədə pulsuz müalicə var, amma neçə baş həkimlərin həbs olunduğunu da gördük. Səbəb nə idi? Bir xəstəxanaya düşmək üçün 3000-5000 min ödəmələr almışdılar. Bu rüşvət məsələsi hələ də ortadan qalxmayıb.

Ona görə də vətəndaş çox vaxt evdə müalicə olunmaq istəyir və dərmanları da özü alır. Bu da 500-1000 manata, bəzən daha çox məsrəfə gətirib çıxarır. Hətta xəstəxanada yatan xəstələr belə bəzən tapılmayan dərmanı özləri almalı olurlar. Bizim səhiyyə sistemi iflic vəziyyətdə olduğuna görə bu problemlər yaşanır. Ona görə də reallıqlar nəzərə alınmalı və belə şəxslərə yardım edilməlidir. Çünki dövlət heç bir halda vətəndaşını diqqətdən kənarda saxlamamalıdır".



Millət vəkili vurğulayıb ki, bütün bunlarla yanaşı dövlətin imkanları da nəzərə alınmalıdır:

“Bilirik ki, dövlət işğaldan azad olunmuş ərazilərin bərpası üçün çox böyük işlər görür. Bunlar nəzərə alınmalıdır. Həm də bir məsələ var: təəssüf ki, bizdə sui-istifadə halları həmişə olur. Belə bir yardımlar ayrılsa hərənin bir xəstə siyahısı ortaya çıxacaq. Ona görə də hesab edirəm ki, indiki halda ən optimal variant xəstəxanalardakı vəziyyəti düzəltməkdi. İnsanlar əmin olmalıdır ki, xəstəxanada vəziyyət daha yaxşıdır, orda hər şey pulsuzdur və ora yerləşdirilməsində heç bir problem yoxdur. Yaxud da evdə müalicə olunan xəstələrə diqqət artırılmalıdır. Düzdür, bizdə hər bir covid xəstəsinə dərmanların pulsuz verilməsi nəzərdə tutulur. Amma burda da çox aydın şəkildə görünür ki, yadım yox, yardımın imitasiyası var. Əvvəla çox vaxt həmin dərmanlar müalicə üçün yetərli olmur. Bunu müəyyən etmək çox sadədir. Götürün, həkimin yazdığı resepə baxın, sonra da təqdim olunan dərmanlara baxın. Görün o dərmanlarla xəstə sağalarmı? İnanın ki, bəlkə də bəzi xəstələrin birdən-birə ağırlaşması, bəzən həyatdan köçməsi ö dərmanlarla kifayətlənmələri ilə bağlıdır. Bəzən xəstələr həkimə deyir ki, sən dövlətdən çox bilirsən?

İkinci bir məsələ isə həmin dərmanların xəstəyə çatmasıdır. Aidiyyəti şəxslər görəsən, maraqlanıbmı ki, ayrılan dərmanların neçə faizi xəstəyə çatıb? İndi kovidə yoluxan xəstəyə zəng vurub deyirlər ki, gəlin dərmanlarınızı xəstəxanadan aparın. Kim götürsün bu dərmanları? Bayıra çıxması qadağan olunan adam? Yoxsa, yaxını, qohumu? Bir tərəfdən deyirsiz ki, xəstə heç kimlə kontaktda olmasın, digər tərəfdən bildirirsiz ki, yaxınlarınızdan kimsə dərmanı götürüb çatdırsın sizə? Mən kimə deyim ki, get bu pandemiya şəraitində yoluxmaq riski yüksən olan yerə, dərmanımı götür, sonra da ikinci dəfə özünü riskə atıb mənə çatdır. Budur sizin yoluxma əleyhinə tədbirləriniz?

Heç olmasa başqa ölkələrdən nümunə götürün. Məsələn, Türkiyə necə etdi? Evdə olan kovid xəstələrinə qapıdan bütün yemək, dərmanlar verilir ki, sağalana kimi evdən çıxmasın. Onlar sağalana kimi xəstəni diqqətdə saxlayırlar. Bizdə isə bir evin qapısını döyən yoxdur. Testin qiyməti isə 75-100 manatdır. Niyə Türkiyədə testin qiyməti iki dəfə ucuzdur? Bu kimi məsələlərdə bizdə idarəetmənin də nöqsanlar var”.


"Evdə müalicə olunanlara da dərmanlar pulsuz verilməlidir"


Millət vəkili Razi Nurullayev qeyd edib ki, xüsusi olaraq kovid xəstəliyinə görə yardım verilməsi nəzərdə tutulmayıb:

“Nə Milli Məclisin deputatlarına, nə də Milli Məclisin işçilərinə kütləvi olaraq kovidlə bağlı maddi yardım verilib. Hazırda kovidlə bağlı xəstəxanalarda yerləşdirilən kovid xəstələri üçün müalicə pulsuzdur. Evdə müalicə olunanlara da dərmanlar pulsuz verilməlidir. Düzdür, əvvəllər bu verilirdi, amma son zamanlar evdə müalicə olunanlara dərmanlar çatdırılmır. Əslində, qayda belədir ki, evdə müalicə olunan insanların bütün dərman pereparatları onların evlərinə pulsuz olaraq dövlət tərəfindən çatdırılmalıdır. Amma xüsusi olaraq kovid xəstəliyinə görə maddi yardım verilməsi nəzərdə tutulmayıb. Çünki dövlət tərəfindən elan olunur ki, bütün müalicələr pulsuzdur. Doğrudur, həmin pulsuz müalicənin effekti çox zəifdir, hər kəs ondan istifadə edə bilmir, eyni zamanda çox da əlçatan deyil.

Digər bir tərəfdən kovidin yaratdığı iqtisadi çətinliklərə görə dövlət tərəfindən ilkin pandemiya dövründə Prezidentin Sərəncamı ilə 1.6 milyon insana 190 manat məbləğində maddi yardım edilib. Həmçinin kiçik sahibkarlara da müəyyən bir maddi yardımlar ayrılıb ki, onlar işçilərini kütləvi olaraq azaltmasınlar. Hərçənd ki, bunu nə qədər təsiri olduğunu deyə bilmərəm, hər halda insanlar üçün böyük yarıdım olub. Yəni pandemiya üçün 2-3 milyarddan çox pul ayrılmışdı, bundan da maddi yardım kimi 2 milyona yaxın insana verilib. Təbii ki, bunu da qiymətləndirmək lazımdır.

Bir yandan hökumətin də öz əsaslandırması var ki, zaman vardı, insanlar deyirdi evimi satıb Qarabağın bərpasına qoyaram, iki il ac da yaşayaram, təki Qarabağ azad olunsun. İndi hökumət də bunu qeyd edir ki, bütün pulların hamısı Qarabağın yenidən qurulmasına sərf olunmalıdır. 1 milyona yaxın keçmiş qaçqın və məcburi köçkün var və onlar yurd-yuvalarına köçürülməlidir . Bütün bunları da nəzərə almaq lazımdır”.

F. Söhrabqızı
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər