Tehran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmaq təklifini nəzərdən keçirəcək.
“Bakupost” xəbər verir ki, bunu İran Parlamentinin sədr müavini Əli Nikzad bildirib.
“Fars” xəbər agentliyi onun sözlərinə istinadən, NPT-dən çıxma planı layihəsinin ən təcili şəkildə nəzərdən keçirildiyini və parlamentə çatdıqdan sonra həmin gün müzakirə olunacağını yazıb.
Nikzadın sözlərinə görə, parlament bu addımın beynəlxalq təsirlərini də araşdıracaq.
O əlavə edib ki, İran qanunvericiləri Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) və onun baş direktoru Rafael Qrossiyə etibar etmirlər. Nikzad BAEA rəhbərini İranın nüvə obyektlərinə yalnız səthi səfərlər etməkdə və mənfi hesabatlar dərc etməkdə günahlandırıb.
Siyasi şərhçi Rəşad Bayramov
“Bakupost”a bildirib ki, İran parlamentində sözügedən məsələnin gündəmə atılmasının əsas məqsədi ABŞ-yə mesaj verməkdir.
Ekspertin sözlərinə görə, Tehran bununla mesaj göndərir ki, qarşı tərəfin təzyiqlərinin davam etməsi yeni və daha ciddi nəticələr doğura bilər:
“İran bununla həmçinin Vaşinqtonun təzyiqləri qarşısında heç bir halda güzəştə getməyəcəyini göstərmək istəyir”.
Bu baxımdan həmsöhbətimizə görə, NPT-dən çıxış təşəbbüsü danışıqlar masasını tərk etmək yox, masadakı mövqeyi sərtləşdirməyə xidmət edən bir vasitəsidir:
“Yəni Tehranın təşəbbüsü danışıqlarda əlavə rıçaq əldə etmək cəhdidir”.
R.Bayramov qeyd edir ki, Tehran real olaraq bu addımı atarsa, yaranmış vəziyyətdə İranın nüvə proqramı üzərində beynəlxalq nəzarət mexanizmləri daha da zəifləyə və Qərbdə Tehranla bağlı təhlükəsizlik narahatlığı arta bilər:
“Nəticədə yeni sanksiyalar, daha sərt hərbi və diplomatik təzyiqlər gündəmə gələcək, İran üçün arzuolunmaz nəticələr yaranacaq”.
Bu səbəbdən ekspert hesab edir ki, İranın təzyiqini nüvə siyasətində qəti dönüşdən daha çox, təzyiqə təzyiqlə cavab strategiyası kimi qiymətləndirmək daha doğrudur:
“Tehran Vaşinqtona demək istəyir ki, sanksiyalar, hərbi təzyiq və diplomatik məhdudiyyətlər davam edərsə, İranın mövqeyi də sərtləşəcək. Eyni zamanda danışıqlar qapısının açıq saxlanılması göstərir ki, Tehran hələlik bu təhdidi diplomatik sövdələşmədə bıçaq kimi istifadə etmək imkanını saxlayır”.
Rüfət Sultan,
BakuPost