Son illərdə estetik məqsədlərlə bədənə müxtəlif dolğu maddələrinin - gel inyeksiyalarının tətbiqi geniş yayılıb. Lakin bu prosedurların təhlükəsizliyi ilə bağlı suallar qalmaqdadır. Pasiyentlərin şikayətləri və mütəxəssislərin açıqlamaları göstərir ki, gel inyeksiyaları bəzi hallarda ağır fəsadlara - toxuma zədələnməsi, iltihab və deformasiyalara səbəb olur. Bu isə sözügedən müdaxilələrin qeyri-peşəkar və riskli şəkildə tətbiq edilməsi məsələsini gündəmə gətirir.
Sosial şəbəkələrdə də mənfi nəticələrlə üzləşmiş şəxslərin paylaşımlarına rast gəlinir. Qeyd olunur ki, bəzi pasiyentlərdə vəziyyət amputasiya riskinə qədər gedib çıxır.
Maraqlıdır, bu prosedurlardan sonra ən çox rast gəlinən fəsadlar hansılardır? Dolğu vurulan nahiyələrdə sonradan deformasiya və ya iltihab yaranmasının əsas səbəbi nədir?
Mövzu ilə bağlı Bakupost.az-a danışan plastik cərrah Rəşad Babayev bildirib ki, bədənin müxtəlif bölgələrini böyütmək məqsədilə vurulan xüsusi kimyəvi preparatların bəziləri təbii, bəziləri isə qeyri-təbii olur: “Orqanizmdə həll ola bilməyən və bir sıra narahatlıqlar yarada bilən bu qeyri-təbii gellər əsasən çox az miqdarda dərinin altına vurula bilir. Bu halda orqanizm onu yad cism kimi qəbul etmir və bu zaman hər hansı narahatlıq törətmir. Amma bir çox pasiyentlər var ki, kosmetoloqlara müraciət edirlər və ölçülərin daha çox böyüməsini istəyirlər. Həmin kosmetoloqların istifadə etdikləri gellər normadan artıq vurulduqda isə bu maddələr təkcə dərinin altında deyil, həm də əzələdə, fassiyada və sümükətrafı toxumalarda toplanır. Bu zaman həmin yad cismin ətrafında leykositlər toplanır və irinləmə prosesi başlayır. Bu baxımdan pasiyentlərə hər zaman tövsiyə edirik ki, süni gellərdən uzaq dursunlar. Çünki onlar dodaq nahiyəsində də bir müddət sonra kapsullaşaraq narahatlıqlar yaradır".
R.Babayevin sözlərinə görə, sağrı nahiyəsinə vurulan gellər bəzən budun iç səthində, bəzən isə dizdən aşağı - baldır nahiyəsində aşkarlanır:
“Bununla bağlı sonrakı dövrlərdə fistulalar əmələ gəlir. Bu isə o deməkdir ki, gel bədəndən xaric olmaq istəyir, dəriyə yaxınlaşır və dərialtı toxuma ilə bir kanal yaradaraq davamlı irinləmə ilə müşayiət olunan problemlər törədir.
Sözsüz ki, həmin gellər daha çox damar və sinir dəstələrini sıxdıqda, orada iltihab yarandıqda aşağı ətrafların da amputasiya riski ilə qarşılaşa bilirik. Bu maddələrin 100 faiz təmizlənməsi də həkimlər üçün olduqca çətindir. Ona görə də süni gellərdən uzaq durmaq lazımdır ki, pasiyentlər belə problemlərlə üzləşməsinlər”.
Lalə Novruz, BakuPost