“Mədəniyyət Nazirliyinin keçirdiyi bütün tədbirlərdə biz, müğənnilər, dövlət tədbiridir deyə pulsuz oxumuşuq. Əvəzində isə heç kəsə lazım olmayan diplomlar veriblər – 2004-2022-ci illər ərzində. Sonradan xəbər tutduq ki, dövlət bu tədbirlər üçün vəsait ayırırmış, lakin həmin pulları Mədəniyyət Nazirliyində çalışanlar mənimsəyirmiş”.
Bakupost.az xəbər verir ki, bunu müğənni Nura Suri
bildirib.
Mövzuyla bağlı APA-ya danışan mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, son üç ildə nazirlik bu məsələyə həssas yanaşır:
“Dövlət tədbirlərində iştirak edən incəsənət nümayəndələrinin – aktyorların, musiqiçilərin, rejissorların və digər yaradıcı şəxslərin əməyinin qiymətləndirilməsini Mədəniyyət Nazirliyi diqqət mərkəzində saxlayır. Belə tədbirlərdə iştirak edən şəxslərə ödənişlərin həyata keçirilməsi mövcud qaydalar və müqavilə şərtləri əsasında təmin olunur”.
Fərid Cəfərov vurğulayıb ki, bu proses şəffaf mexanizmlər üzərindən, dövlət büdcəsi çərçivəsində ayrılmış vəsaitlər hesabına icra edilir.
“Hər bir konkret hal fərdi şəkildə qiymətləndirilir və ödənişin məbləği layihənin miqyası, xarakteri və iştirakçının rolu nəzərə alınmaqla müəyyən olunur. Məqsəd yaradıcı insanların əməyinə dəyər verilməsi, onların dövlət tədbirlərində fəal iştirakının təşviq olunması və mədəniyyət sahəsində peşəkarlığın daha da gücləndirilməsidir”, – nazir müavini qeyd edib.