Ru
12:38 / 18 Noyabr 2019

Dövlət xəstəxanasında xəstələrə soyuq şoku: “Donuruq...”

2526
Bir neçə gündür havaların soyuması ilə bağlı Bakıda artıq bir sıra problemlər özünü göstərir. Əsas problemlərdən biri istilik təchizatı ilə əlaqədardır.

İstilik sistemi iflic halda olan yerlərdən biri də dövlət xəstəxanası olan Eksperimental (Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi) xəstəxanadır. Havaların soyuq keçməsinə baxmayaraq, bura hələ də istiliklə təmin olunmayıb. Belə olduqda orada müalicə alan xəstələrin, xüsusilə, körpələrin vəziyyətini anlamaq elə də çətin deyil.


Məsələ ilə bağlı bir neçə vətəndaş BakuPost-a şikayətlərini bildirib. Onların sözlərinə görə, xəstəxana buz kimidir, üstəlik şikayətlərini bildirmək üçün heç kimi tapmaq mümkün deyil:


“Palatalar dəhşətli dərəcədə soyuqdur. Burada ürək, şəkər xəstələri və eləcə də, digər ağır xəstələr müalicə alır. Daha doğrusu, donurlar. Soyuqdan içəridə dayanmaq mümkün deyil. Hələ körpə uşaqları demirəm. Yazıqlar soyuqdan daha da xəstələnir, öskürməkdən az qalır ciyərləri çıxsın. Həkimlər öz otaqlarını elektrik peçləri ilə bir təhər isidirlər, amma palatalarda istilikdən əsər-əlamət yoxdur. Heç kim də sözümüzü eşitmir. Kimə yaxınlaşırıq, deyirlər baş həkim bilər. Baş həkimsə, deyəsən, xəstəxanadan qaçıb- Tapılmır. Onu tapıb şikayətimizi bildirməyimiz qeyri-mümkün hala çevrilib”.

Məsələ ilə bağlı BakuPost-un əməkdaşı xəstəxana ilə əlaqə saxlayıb. Lakin baş həkim Yusif Əliyevlə əlaqə saxlamaq mümkün olmayıb. Köməkçisi baş həkimin xəstəxanada olduğunu, lakin hazırda otağında olmadığını bildirib.

Adının çəkilməsini istəməyən xəstəxana əməkdaşı istiliyin olmadığını təsdiq edib:

“Doğrudur, istilik hələ ki verilməyib. Bizim xəstəxana dövlət müəssisəsi olduğu üçün ümumi istilik sisteminə bağlıdır. Yəni Yasamal rayonunda hələ istilik sistemi verilmədiyi üçün, xəstəxanada da istilik təchizatı hələ ki yoxdur. Lakin şikayətçilərin dediyi kimi, işçilərin otağı heç də isti deyil. Hətta mən oturduğum otaqda da hazırda istilik yoxdur və buz kimidir”.

Afaq Rza
BAKUPOST
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər