Ötən gün sabiq deputat Gültəkin Hacıbəylinin Azərbaycana deport olunmasının ardınca bir açıqlama da yayıldı: onu Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıb və “sərbəst şəkildə” evinə yola salınıb.
Bakupost.az xəbər verir ki, Gültəkin Hacıbəylinin Azərbaycanın sorğusu əsasında Türkiyədən deport olunduğu ehtimalı çox yüksəkdir. Çünki hələ bir müddət öncə Ramiz Mehdiyevin hakimiyyətin zorla ələ keçirilməsi planında “Dövlət Şurası” yaratdığı və orada 50 nəfərin adının keçdiyi haqda məlumat vardı. O 50 nəfərdən isə iki nəfərin adı açıqlanmışdı - AXCP sədri Əli Kərimli və Milli Şura üzvü Gültəkin Hacıbəyli.
Gültəkin Hacıbəylinin Azərbaycana deport olunan kimi istintaqa cəlb ediləcəyi ehtimal edilirdi. Buna baxmayaraq, ona heç bir sorğu-sual olmayıb və artıq bir sutkadır ki, sabiq deputat öz evindədir.
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda isə bir çox adlar üzə çıxdı. Hakimiyyətin zorla ələ keçirilməsi üçün fəaliyyət göstərənlər içərisində Ramiz Mehdiyevlə birgə Əli Kərimli, Məmməd İbrahim, baş nazirin sabiq müavini Abbas Abbasov, Fuad Qəhrəmanlı, Qənimət Zayıdov və Eldar Əmirovun (R.Mehdiyevin köməkçisi) adı keçir. Amma Gültəkin Hacıbəyli ilə bağlı hər hansı ittiham və barəsində hansısa qətimkan tədbirinin seçilməsi məsələsi yoxdur.
Qeyd edək ki, istintaqa şahid qismində MŞ sədri Cəmil Həsənli də cəlb edilib və onun barəsində yalnız ölkədən çıxma qadağası qoyulub.
Asena,
BakuPos