
Elbəyi Həsənli
2026-cı il dünyaya acı bir həqiqəti bir daha xatırlatdı: qlobal siyasətdə zəifləri güllə ilə yox, protokolla udurlar. Tankların yerini sammitlər, mərmilərin yerini isə razılaşma mətnləri alıb. Kiçik dövlətlər üçün əsas təhlükə artıq müharibə deyil — masa arxasında silinməkdir.
G20-2026 sammitinin ABŞ prezidentinə məxsus “Trump National Doral Miami” kompleksində keçirilməsi təsadüf deyil. Bu, açıq mesajdır – qlobal gündəm yenidən Vaşinqtonun nəzarətinə qaytarılır. Kim çağırılır, kim kənarda saxlanılır, kimə baxılır, kim unudulur — hamısı burada müəyyənləşir.
Bu fonda Qazaxıstan və Özbəkistanın G20-yə qonaq kimi dəvət edilməsi də nə jestdir, nə də diplomatik nəzakət. Bu, seçimdir. ABŞ Çinin iqtisadi iştahını cilovlamaq, Rusiyanın siyasi nəfəsini daraltmaq və Türküstanı ayrıca oyun sahəsinə çevirmək istəyir. Amma çox vacib bir şərtlə: ayrı-ayrılıqda.
Mesaj bəsitdir və qəddardır: birlikdə gəlməyin, ayrı-ayrılıqda çağırılacaqsınız.
Azərbaycan bu tablonun kənarında dayanıb. G20 üzvü deyil, amma C20 və B20 kimi platformalara buraxılır. Yəni tam çöldə deyil, amma masaya da yaxın buraxılmır. Çünki problem resursda yox, problem birlikdə danışa bilməməkdədir. Tək-tənha dövlətə qulaq asırlar, amma onu nəzərə almırlar.
Elə burada Turan ideyası ortaya çıxır. Və bu ideya nə romantik xəyaldır, nə də nostalji nağılı. Bu, sərt reallığın diktə etdiyi məcburiyyətdir. Söhbət vahid bayraqdan yox, vahid mövqedən gedir. Vahid dövlət yox, vahid danışıqlardan gedir. Ayrılıqda türk dövlətləri qlobal sistem üçün idarə olunan obyektdir. Birlikdə isə risk və hesab amilinə çevrilirlər.
Atatürkün “böyük balıq kiçik balığı udur” kəlamı bu gün daha amansız formada işləyir. Artıq udma top-tüfənglə yox, kreditlə, enerji müqaviləsi ilə, ticarət qaydası ilə baş verir. G20 masasında tək oturanda menyu sən olursan, şərtləri isə başqaları yazır.
Reallıq sadədir: Turan ideyası kimlik məsələsi deyil. Bu, sağ qalmaq məsələsidir. 2026-cı il göstərir ki, tək qalan dövlətlər çağırıla bilər, amma qərar verən olmur. Koordinasiyalı güclər isə çağırılmır – özləri gəlir.
Qlobal siyasətdə əsas sual “masadayam, ya yox?” deyil. Əsas sual budur: masanı kim qurur və qaydaları kim diktə edir? Cavab aydındır. Masanı quranlar çağırmır. Çağırılanlar isə çox vaxt menyuya salınır.
Turan ideyasının mənası da buradadır: masaya qonaq olmaq üçün yox, masanı özü ilə gətirən tərəfə çevrilmək üçün.