Son illərdə sosial şəbəkələrdə və mediada tez-tez belə xəbərlər yayılır: “marketlərdə satılan düyü plastikdir”, “saxta düyü istehsal olunur” və s. Bu iddialar bir çox insanı narahat edir. Bəs həqiqətən plastik düyü varmı və bu nə dərəcədə doğrudur?
Plastik düyü barədə məlumatlar əsasən internetdə yayılan videolar və xəbərlərdən sonra məşhurlaşıb. Bəzi videolarda düyünün yanarkən plastik kimi qoxu verməsi və ya topa halına düşməsi göstərilir.
Bakupost.az Medicina.az-a istinadən xəbər verir ki, qida təhlükəsizliyi üzrə aparılan araşdırmalar göstərir ki, geniş şəkildə plastikdən hazırlanmış düyünün bazarlarda satılması ilə bağlı elmi sübut yoxdur.
Çünki plastikdən düyü hazırlamaq real düyüdən daha bahalı və iqtisadi baxımdan mənasızdır.
Əksər hallarda insanlar aşağı keyfiyyətli, köhnə və ya çox nişastalı düyünü “saxta” kimi qəbul edirlər.
Niyə düyü bəzən plastik kimi görünür?
Bunun bir neçə səbəbi ola bilər:
1. Yüksək nişasta tərkibi
Bəzi düyü növləri bişəndə çox yapışqan olur və topa halına düşür.
2. Aşağı keyfiyyətli düyü
Uzun müddət saxlanmış düyü bişəndə sərt və qeyri-təbii tekstura verə bilər.
3. Parlatma, cilalanma prosesi
Bəzi istehsalçılar düyünü daha ağ və parlaq göstərmək üçün xüsusi emal
edir. Bu da bəzən insanlarda şübhə yaradır.
4. Yanma testi
Düyü yandırıldıqda qoxu verə bilər. Bu, düyünün tərkibindəki nişasta və üzvi maddələrin yanması ilə bağlıdır və plastik olması demək deyil.
Saxta və ya keyfiyyətsiz düyünü necə tanımaq olar?
Evdə bəzi sadə üsullarla düyünün keyfiyyəti haqqında fikir əldə etmək olar.
1. Suda yoxlama
Bir stəkan suya bir ovuc düyü tökün. Normal düyü adətən suyun dibinə çökür. Çox sayda dənə səthdə qalırsa, keyfiyyət aşağı ola bilər.
2. Qoxu testi
Düyünü əlinizdə ovuşdurun. Təbii düyünün qoxusu zəif və neytral olur. Kəskin kimyəvi qoxu varsa, keyfiyyətsiz ola bilər.
3. Bişirmə testi
Keyfiyyətli düyü bişəndə dənələr bir-birindən ayrılır, həddindən artıq yapışqan olmur
4. Görünüş
Keyfiyyətli düyü: ölçü baxımından oxşar dənələrdən ibarət olur,çox qırıq və tozlu olmur.