Əlillərin pensiyasını kəsən şəbəkəni bu cür ifşa edin - ARAŞDIRMA

Son günlər Azərbaycanda əlillik dərəcələrinin müəyyən olunması, saxta əlilliyin ləğv edilməsi ilə bağlı məsələlər geniş müzakirə edilir. Bu problem cəmiyyətdə ciddi ajiotaj yaradıb.

Bakupost.az bununla bağlı araşdırma aparıb və həqiqi xəstələrin əlillik dərəcəsi ala bilməməsi, komissiya vaxtı çatan şəxslərin komissiyadan keçməməsinin səbəbləri ilə bağlı maraqlı məlumatlar əldə edib.

Məlum olub ki, komissiya vaxtı keçmiş əlillərin təkrar əlillik dərəcəsi ala bilməməsi və ya həqiqi əlil olan şəxslərin pensiyadan uzaqlaşdırılmasının səbəbi heç də təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı məsələ deyil.

Aydınlıq üçün bildirək ki, əlilliyin dərəcəsinin müəyyən edilməsi və ya əlillik müddətinin artırılması xəstənin qeydiyyatda olduğu poliklinika və ya xəstəxanada həkim-məsləhət komissiyasının rəyi əsasında təyin olunur.

Prosedur belədir ki, komissiyanın rəyi alındıqdan sonra o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının reyestrinə daxil edilir. Bundan sonra ekspert komissiyası həmin rəylə tanış olur, oradakı informasiyalar əsasında qərar verirlər.



Çox vaxt isə bu baş vermir. Və analiz edildikdə müəyyən olunur ki, əlillik dərəcələri ilə bağlı yaranmış narazılığın çoxu bu prosesin düzgün ardıcıllıqla həyata keçirilməməsinə görə baş verir.

Yəni məsələ həmin şəxsin qeydiyyatda olduğu xəstəxana və poliklinikalarda lazımi sənədin, yəni Forma-88-in vaxtında nazirliyə ötürülməməsi, yaxud da xəstənin informasiyalarının düzgün yerləşdirilməməsi ilə bağlıdır. Bəzən həkim ya ehtiyat etdiyindən, ya işlədiyi xəstəxanadan çox müraciət edilməsini istəmədiyindən, ya da hansısa bir marağının qarşılanmadığına görə əlillik dərəcəsi verilmək üçün əsas sayılan vacib informasiyaları, şikəstliyin hansı dərəcədə olmasını tam yazmır, məlumatları göndərmir. Ona görə də nazirlikdə həmin şəxsin əlillik dərəcəsi düzgün müəyyənləşmir. Vətəndaşlar dəqiq bilməlidirlər ki, nazirlikdə müvafiq komissiya yalnız poliklinikalardan göndərilmiş Forma-88-dəki informasiyalar əsasında əlilliyi müəyyən edirlər. Əgər orada xəstə haqqında dolğun, düzgün məlumat yerləşdirilmirsə, təbii ki, həmin şəxsin əlillik dərəcəsi düzgün müəyyənləşdirilmir.



Digər vacib məsələ isə vətəndaşa düzgün məlumatın verilməməsilə bağlıdır. Çox vaxt xəstələrə Forma-88-in doldurulub, nazirliyə göndərilməsi barədə yalandan məlumat verilir.

Bakupost.az Hadrutdan qaçqın düşmüş, hazırda Füzuli rayonunda məskunlaşan Mətin Süleymanovla bağlı şikayəti araşdırarkən bu faktları ortaya çıxarıb.



Mətin Süleymanovun şikayətində bildirilir ki, o, anadangəlmə şikəstdir, 1-ci dərəcəli əlildir, 18 yaşı tamam olmasına baxmayaraq, aylardır onun Forma-88-i nazirliyə təqdim olunsa da, pensiyası kəsilib, əlillik dərəcəsi müəyyən olunmayıb.

Məsələ ilə bağlı nazirliyə göndərdiyimiz sorğu nəticəsində müəyyən olundu ki, həmin şəxslə bağlı Forma-88 ümumiyyətlə, nazirliyə daxil olmayıb. M.Süleymanovun valideynləri təkrar Füzuli rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdə doğurdan da həmin xəstəxana rəhbərliyinin, həkim-məsləhət komissiyasının rəyini Tibbi-Sosial Ekspert Komissiyasının reyestrinə daxil etmədiyi üzə çıxdı.

Əlillik dərəcəsi ilə bağlı vacib tövsiyələr:

Əlillik dərəcəsi ilə bağlı narahatlıq keçirən adamlara tövsiyə olunur ki, ilk növbədə həkim-məsləhət komissiyasının rəyi ilə dəqiq tanış olsunlar. Yəni onların xəstəlikləri ilə bağlı informasiyanın həmin rəydə tam dolğun ifadə olunduğundan əmin olsunlar.

Digər tövsiyə odur ki, verilən həmin rəy, onların xəstəliyi ilə bağlı tərtib olunan Forma-88 Tibbi-Sosial Ekspert komissiyasının reyestr xidmətinə daxil edilib-edilməməsini dəqiqləşdirsinlər. Bundan əmin olduqdan sonra artıq onların əlillik dərəcəsi ilə bağlı nazirliyin müvafiq şöbəsinin hansı qərar verməsilə maraqlana bilərlər.



Qeyd edək ki, nazir Sahil Babayevin mətbuata verdiyi son müsahibəsində Azərbaycanda son illərdə 7000-dən çox saxta əlillik təyinatlarının aşkarlanaraq ləğv edildiyi, müddəti bitən və reabilitasiya olunan əlilliyi olan şəxslərin pensiya işlərinin sayında isə 16 min azalmanın olduğu bildirmişdi. Araşdırmalar əsasında ləğv edilmiş əlilliyə görə pensiya işlərinin böyük hissəsi məhz aylıq 1000 manatdan yuxarı olan pensiya işləridir.

E.Mirzəyev
BakuPost