Ru
14:32 / 19 Avqust 2026

Əlisa Nicata yardım etmək istəyənlər pul göndərə bilmədi – Kart limiti...

Əlisa Nicata yardım etmək istəyənlər pul göndərə bilmədi  – Kart limiti...
Eye

Azərbaycanda avqustun 1-dən kartdan-karta köçürmələr və bank kartlarına mədaxillə bağlı yeni limitlər tətbiq olunub. Yeni qaydaya əsasən, bir karta gün ərzində maksimum 5 dəfə vəsait daxil ola bilər. Bu dəyişiklik maliyyə əməliyyatlarında şəffaflığın artırılması, dələduzluq, vergidən yayınma və qanunsuz pul dövriyyəsinin qarşısının alınması məqsədi daşısa da, artıq bəzi hallarda sosial xarakterli ödənişlər üçün də problem yaradır. Məsələn, tanınmış naşir Şahbaz Xuduoğlu yazıçı Əlisa Nicata yardım məqsədilə onun bank kartını paylaşdıqdan sonra gözlənilməz problemlə üzləşib. Yüzlərlə insanın 5, 10 və ya 50 manat məbləğində yardım etmək istəməsinə baxmayaraq, karta gün ərzində yalnız 5 mədaxilin mümkün olması digər şəxslərin vəsait göndərməsinə mane olub.

Təbii ki, maliyyə təhlükəsizliyinin təmin edilməsi üçün belə məhdudiyyətlərin tətbiqinin səbəbləri var. Ancaq burada başqa bir sual yaranır: kommersiya fəaliyyəti ilə ictimai yardım məqsədli pul köçürməsini eyni qaydada məhdudlaşdırmaq nə dərəcədə doğrudur?

"Bakupost" xəbər verir ki,bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov mövzu ilə bağlı Musavat.com-a sözügedən məhdudiyyətin qanun tələbi olmadığını bildirib.

“Bu, Banklar Assosiasiyası ilə Fintex Assosiasiyası arasında bağlanmış bir sazişdir, ya razılaşmadır, heç bilmirəm nədir. Çünki dərc də olunmayıb. Orada bunu nəzərdə tutublar və bankları öz qərarlarına tabe etdiriblər. Tabe deyəndə ki, aydındır, həmin təşkilatların üzvləri banklardır və banklar da indi bu qadağaya riayət edirlər. Bununla yanaşı, bu, qeyri-qanunidir. Dəfələrlə demişəm ki, Konstitusiyamıza görə məhdudiyyətlər yalnız qanunla ola bilər. Xüsusən də hansısa ictimai birliklərin insanlara qadağa müəyyən etməyə səlahiyyəti yoxdur. Digər tərəfdən, Banklar Assosiasiyası bu məlumatı dərc edəndə, avqustun 3-də saytlarında açıqlama verdilər ki, istisnalar olacaq – qohumlara, ailə üzvlərinə köçürmələr zamanı və bir də əsaslandırma olduğu halda. Yəni müştəri əsaslandıracaq ki, bu niyə belədir. Amma bunun hansı mexanizmlə və necə həyata keçiriləcəyi barədə heç kimə məlumat vermədilər. Yeri gəlmişkən, bayaq yadımdan çıxdı deyim ki, həmin sazişin özü də dərc olunmayıb. Ümumiyyətlə, biz bilmirik ki, qaydanı bunlar hansı şərtlərlə müəyyən ediblər. Ümumi sözlər deyirlər”, - deyə o qeyd edib.

Hüquqşünas digər anlaşılmayan məqama da toxunub:

“Deyirlər ki, əsaslandırma ilə istisna mümkündür. Yaxşı, necə əsaslandırma? Tutaq ki, mən Əlisa Nicata yardım etmək istəyirəm. Onda gərək banka müraciət edim ki, “Baxın, mənə yardımlar gəlir, əsaslandırın” və sonra siz buna imkan verəsiniz? Bunu necə etməliyəm? Belə bir mexanizm yoxdur, demirlər. Amma bu hal indi çox yaxşı bir nümunədir. Gəlin müəyyən edək ki, Əlisa Nicatın kartı hansı bankdadır. Həmin banka müraciət edək. Deyək ki, Banklar Assosiasiyası demişdi ki, istisnalar olacaq və bunun üçün əsaslandırma tələb olunur. Necə edək ki, siz bu adamın kartına vəsaitin daxil olmasına imkan yaradasınız? Heç bir sivil ölkədə belə məhdudiyyət yoxdur. Özlərindən belə bəsit, kobud bir şey icad ediblər. Yəni nağd ödənişlərin artmasına şərait yaradıblar. Aydındır ki, dələduzluq, vergidən yayınma və digər problemlər var. Yaxşı, bunları bildik. Digər ölkələrdə məgər belə problemlər yoxdur? Var. Onlar bunu sadə yolla həll edirlər – rəqəmsal monitorinq aparırlar. Bizdə də monitorinq edirlər, görürlər kim kimə nə qədər pul köçürüb. Amma tələb irəli sürə bilmirlər, irad bildirə bilmirlər. Yəni gəlib deyə bilmirlər ki, bu pul səndə haradandır. Sən də deyəcəksən ki, babamdan qalıb. Çünki bizdə vətəndaşların gəlir və ya əmlakının bəyannamə sistemi yoxdur. Yəni bunların bəyan edilməsi qaydası yoxdur. Halbuki əksər ölkələrdə belə sistem mövcuddur. Bizdə də bu olsaydı, gəlib deyərdilər ki, “Yaxşı, sən bəyan etmisən, sənin bu qədər əmlakın var, bu qədər gəlirin var. Bəs bu nə puldur ki, sən kiməsə köçürürsən və ya sənə daxil olur, gəlirlərinlə uyğun gəlmir? Bizdə bunu edə bilmirlər deyə, belə bəsit yollara əl atırlar. Bizdə nəyə görə bunu edə bilmirlər? Hələ 2005-ci ildə məmurların gəlirlərinin bəyan edilməsi haqqında qanun qəbul olunub, 21 ildir icra olunmur. Nəyə görə? Çünki məmurlar öz gəlirlərini bəyan etmək istəmirlər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar