Ru
14:38 / 02 Noyabr 2026

Əmək müqaviləsi olmadan işləyənləri hansı risklər gözləyir?

Əmək müqaviləsi olmadan işləyənləri hansı risklər gözləyir?
Eye

Azərbaycanda bəzi şəxslər iş imkanlarını itirmək qorxusu və ya daha yüksək əməkhaqqı əldə etmək ümidi ilə əmək müqaviləsi olmadan işləməyə razılaşırlar. Bəzi hallarda isə işəgötürənlər vergi və sosial sığorta ödənişlərindən yayınmaq üçün əmək münasibətlərini rəsmiləşdirməyə maraq göstərmirlər.

Əmək və məşğulluq məsələləri üzrə ekspert Vüqar Şahinoğlunun “Bakupost”a bildirib ki, bu vəziyyətin yaranmasında həm işçinin, həm də işəgötürənin maraqları rol oynayır. Bəzi işçilərə müəyyən müddət müqaviləsiz işlədikdən sonra əmək münasibətlərinin rəsmiləşdiriləcəyi vəd olunur. Digər hallarda isə müqaviləsiz çalışmaq müqabilində daha yüksək əməkhaqqı təklif edilir. İşçi də iş imkanını itirməmək və gəlir əldə etmək üçün bu şərtlə razılaşır.

Ekspertin sözlərinə görə, əmək müqaviləsi ilə işçi çalışdıran müəssisə və fiziki şəxs olan işəgötürənlər əməkhaqqı ilə yanaşı, məcburi dövlət sosial sığorta haqları və qanunvericilikdə nəzərdə tutulan digər vergi və ödənişləri də ödəməlidirlər. Bu öhdəliklər ümumi əmək xərclərini artırır. Bəzi işəgötürənlər həmin xərclərdən yayınmaq məqsədilə işçilərlə qeyri-rəsmi razılaşmalara üstünlük verirlər. Bununla belə, bu yanaşmanı bütün işəgötürənlərə aid etmək olmaz.

Vüqar Şahinoğlu qeyd edib ki, müqaviləsiz işləmək ilk baxışda ciddi problem kimi görünməsə də, sonradan işçi üçün çətinliklər yarada bilər. Əməkhaqqının verilməməsi, işdən uzaqlaşdırılma və ya məzuniyyət hüququ ilə bağlı mübahisələr zamanı faktiki əmək münasibətlərinin mövcudluğunu sübut etmək lazım gəlir. Əmək fəaliyyəti və sosial sığorta ödənişləri rəsmiləşdirilmədikdə isə bu, gələcək pensiya təminatına, eləcə də xəstəlik və digər sosial təminat hüquqlarından istifadəyə təsir göstərə bilər.

Ekspert vurğulayıb ki, əmək müqaviləsinin olmaması şəxsin faktiki əmək münasibətlərindən irəli gələn hüquqlarını avtomatik itirməsi demək deyil. Belə hallarda işçi işəgötürənlə yazışmalarını, WhatsApp mesajlarını, bank köçürmələrini, iş qrafiklərini, elektron məktubları və ona verilən tapşırıqları sübut kimi saxlaya bilər. İş yerində çəkilmiş foto və videolar, eləcə də şahid ifadələri də əmək münasibətlərinin mövcudluğunun təsdiqlənməsində əhəmiyyət daşıya bilər. Sübutların hüquqi qiymətləndirilməsi isə konkret vəziyyətdən asılıdır.
V.Şahinoğlu xatırladıb ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsi və 49-cu maddəsi əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi qaydalarını müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işə cəlb edilməsinə görə fiziki şəxslər 1 000–2 000 manat, vəzifəli şəxslər 3 000–5 000 manat, hüquqi şəxslər isə 20 000–25 000 manat məbləğində cərimə edilə bilərlər.

Ekspert bildirib ki, əmək hüquqlarının pozulduğunu düşünən şəxslər Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzindən məlumat ala və ya DOST mərkəzlərinə üz tuta bilərlər. Müraciət zamanı iş yerinin adı, işlənilən müddət, görülən işin xarakteri, əməkhaqqı ilə bağlı razılaşma və mövcud sübutlar barədə məlumat verilməsi məqsədəuyğundur. Dövlət qurumunun qərarı ilə razılaşmayan şəxs məhkəməyə də müraciət edə bilər.

Vüqar Şahinoğlunun fikrincə, problemin həlli üçün əmək qanunvericiliyinə nəzarət və onun tətbiqi gücləndirilməli, qanun pozuntularına yol verən işəgötürənlərə qarşı məsuliyyət tədbirləri effektiv şəkildə həyata keçirilməlidir. Eyni zamanda, mütəmadi yoxlamalar və maarifləndirmə işləri aparılmalıdır. Məqsəd yalnız cərimə tətbiq etmək deyil, işəgötürənlərdə əmək münasibətlərini əvvəldən qanuni qaydada rəsmiləşdirmək məsuliyyəti formalaşdırmaq olmalıdır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar