Şəbnəm Tovuzlu qadın sənətçilər arasında musiqiçilərə ən yüksək qonorar verən şəxs olduğunu bildirib.
Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, o, “Gün ortası” verilişində bu barədə deyib:
“15 ildir musiqiçi dostlarıma qarşı ədalətli olmuşam. Həmişə çalışmışam ki, razı getsinlər. Heç vaxt istəməmişəm ki, kiminsə gözü qıraqda qalsın. Onların dediyinə görə, xanım sənətçilər arasında mənim kimisi yoxdur.
İfaçı var ki, bəlli bir məbləğə danışır. Təbii ki, yaxşı musiqiçinin öz qiyməti var və bəzi məqamlarda onun qiyməti olmur. Müğənninin arxasında mütləq yaxşı musiqiçi olmalıdır. Onu anlayan, ona uyğun çalan musiqiçi. Bu, çox vacib məsələdir.
Deyirlər ki, məclisdə insanların ürəyindən gələn və musiqiçilərə “nəmər” deyilən bir şey olur. Mən heç vaxt ona əl vurmamışam. Nə qədər olur-olsun, həmişə demişəm ki, o pullar musiqiçi uşaqların halal xoşu olsun”.