Ru
13:04 / 19 Mart 2026

İşdən çıxarılan insanlar… - Onların taleyi necə olacaq?

İşdən çıxarılan insanlar… -  Onların taleyi necə olacaq?
Eye

Son günlər müxtəlif qurumlarda kütləvi ixtisarların aparılması ilə bağlı məlumatlar yayılır. Bu proses artıq təkcə dövlət sektorunu deyil, özəl müəssisələri, hətta media qurumlarını da əhatə etməyə başlayıb. Rəsmi statistika açıqlanmasa da, qeyri-rəsmi məlumatlarda bəzi sahələr üzrə ixtisarların 20 faizə qədər olduğu qeyd olunur. Bu isə artıq sistemli bir tendensiyanın formalaşdığını göstərir.

Şübhəsiz ki, uzun illər ərzində dövlət idarəetmə sistemində ştatların şişirdilməsi, paralel funksiyalar icra edən qurumların yaradılması, real ehtiyacdan artıq işçi saxlanılması faktları olub və var. Büdcənin səmərəli şəkildə istifadə olunmaması, eyni işi bir neçə qurumun görməsi, formal və funksional baxımdan zəif strukturların fəaliyyət göstərməsi dəfələrlə müzakirəyə çıxarılıb, tənqid edilib. Bu baxımdan optimallaşdırma, birləşdirmə və struktur islahatları zəruri və bəlkə də gecikmiş addım kimi qiymətləndirilə bilər.

Mütəxəssislərin fikrincə, bu cür addımlar, əgər düzgün planlaşdırılarsa, idarəetmənin effektivliyini artırır, qərarların qəbulunu sürətləndirir, məsuliyyəti konkretləşdirir və ən əsası, dövlət büdcəsinə düşən yükü azaldır. Müasir idarəetmə modelləri də məhz daha çevik, daha kompakt və nəticəyönümlü strukturların qurulmasını tələb edir. Bu mənada islahatın mahiyyəti, əslində, doğrudur.


Amma problem ondadır ki, bizdə çox vaxt islahatın fəlsəfəsi ilə onun icra mexanizmi arasında nəsə tərslik yaranır. Kağız üzərində səmərəli görünən qərarlar sosial müstəvidə ağır nəticələr doğura bilir. Rəqəmlərin azalması göz qamaşdırır, par-par parıldayır, uğur kimi gözəl təqdim olunur, amma bu azalmanın-ixtisarın arxasında əzilən insanların taleləri görünmür. Nəzərə alınmır ki, ixtisar rəqəmlərlə bitmir, bu ixtisar deyilən bədheybət minlərlə insanın həyatına birbaşa təsir etmək imkanındadır.

Və… bu cür təsirlər işdən çıxarılan insanların taleyinə sistemli yanaşmanın formalaşmadığı vaxtda daha dağıdıcı və təhlükəli olur. İnkişaf etmiş ölkələrdə belə proseslər “sosial amortizasiya mexanizmləri” ilə müşayiət olunur. Yəni işini itirən şəxs ya yenidən ixtisaslandırılır, ya alternativ işlə təmin olunur, ya da müəyyən müddət üçün dövlət tərəfindən maliyyə dəstəyi alır. Yəni az qala fərdi yanaşma olur, qayğı göstərilir, alternativlər təklif edilir.


Bizdə isə əksər hallarda insanlara sadəcə “ixtisara düşdünüz” deyilir və məsələ bununla bitmiş sayılır. Təsəvvür edirsiniz, bu necə vahiməli bir durumdur? Bizim kimi cəmiyyətdə iş yerini itirmək həyatın tarazlığını itirməkdir, yaşamın səndəlləməsidir, sonu görünməyən boşluqdur, ümidsizlikdir. Çünki alternativlər azdır, harasa çatmaq üçün maddi və mənəvi təminat çox vaxt olmur. Həm də növbəti mərhələyə tək addımlamırsan, boynunda böyük yük də var: ən azından ailə!


Ona görə də ixtisarlara bu cür yanaşma həm sosial, həm iqtisadi, həm də psixoloji baxımdan təhlükəlidir.

SOSİAL BAXIMDAN ona görə təhlükəlidir ki, hər bir işdən çıxarılan insanın arxasında bir ailə dayanır. Bu, yalnız bir nəfərin deyil, bəzən bir neçə nəfərin dolanışıq mənbəyinin itirilməsi deməkdir. Övladını oxudan, yaşlı valideyninə baxan, kredit öhdəlikləri olan insanlar birdən-birə gəlirsiz qalır, nəfəs kəsilir. Bu isə sosial gərginliyin artmasına səbəb ola bilər.

İQTİSADİ BAXIMDAN risk ondadır ki, kütləvi ixtisarlar daxili tələbatı azaldır. İnsanların alıcılıq qabiliyyəti düşür, bazarda dövriyyə zəifləyir, nəticədə bu, ümumi iqtisadi aktivliyə mənfi təsir göstərir. Yəni qısamüddətli büdcə qənaəti uzunmüddətli iqtisadi itkilərlə əvəz oluna bilər.

PSİXOLOJİ BAXIMDAN isə bu proses cəmiyyətdə ciddi qeyri-müəyyənlik və qorxu mühiti yaradır. İnsanlar sabah işlərini itirmək ehtimalı ilə yaşayır, bu isə onların motivasiyasına, məhsuldarlığına və ümumilikdə ictimai əhval-ruhiyyəyə təsir edir. İşini itirməyənlər belə, növbənin onlara gəlib-gəlməyəcəyini düşünərək gərginlik içində qalırlar.

İşin başqa və çox vacib tərəfi də var: şəffaflığla bağlı şübhələr və suallar. İxtisarlar hansı meyarlarla aparılır? Kim qalır, kim gedir? Bu qərarların arxasında hansı obyektiv göstəricilər dayanır? Bu suallar çox vaxt cavabsız qalır. Çünki ixtisar olunanlar qədər bəzən ixtisar edənlər də çarəsiz qalır…

Mütəxəssislər hesab edir ki, ixtisar prosesi paralel olaraq sosial müdafiə mexanizmləri ilə müşayiət olunmalıdır. İşdən çıxarılan şəxslərin qeydiyyata alınması, onların bacarıqlarına uyğun işlə təmin olunması, peşəkar yenidənhazırlıq proqramlarının təşkili, müvəqqəti maliyyə dəstəyi kimi addımlar zəruridir. Bəlkə, bu istiqamətdə xüsusi komissiya və ya əlaqələndirici qurum yaradılmalıdır?

İstənilən islahatda yalnız rəqəmlərin optimallaşdırılması nəzərə alındıqda, insan faktoruna nəzər yetirmədikdə sosial problemə çevrilir. Çünki büdcənin dayanıqlılığı nə qədər vacibdirsə, həmin büdcəni formalaşdıran insanların taleyi ondan qat-qat vacibdir.

Azər,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar