Ru
09:31 / 30 Sentyabr 2025

Ərdoğanın partiyasından Azərbaycana qarşı saxta kampaniyaya REAKSİYA - FOTO

Ərdoğanın partiyasından  Azərbaycana qarşı saxta kampaniyaya REAKSİYA - FOTO
Eye

Son aylarda Türkiyənin bəzi media qurumlarında və sosial media hesablarında Azərbaycana qarşı saxta və təhrif olunmuş xəbərlərin sayı artmaqdadır. Xüsusilə islamçıların nəzarətində olan media orqanlarında, məsələn “Yeni Akit” kimi nəşrlərdə aparılan bu kampaniyalar Azərbaycan-İsrail münasibətləri üzərindən qurulur. Azərbaycan guya İsrailə müharibədə dəstək verməkdə ittiham edilir, halbuki rəsmi Bakı daim “iki dövlətli həll yolu”nu dəstəklədiyini açıq bəyan edib.

Azərbaycanın dəfələrlə verdiyi rəsmi açıqlamalara və təkziblərə baxmayaraq, dezinformasiyaların tirajlanması davam edir. Hətta BMT-nin 80-ci sessiyası çərçivəsində yayılan saxta fotolar buna bariz nümunədir: iddia edilirdi ki, Azərbaycan nümayəndə heyəti Netanyahunun çıxışını dinləyib və alqışlayıb. Halbuki BMT müzakirələri açıq şəkildə canlı yayımlanır, Azərbaycanın media nümayəndələri də prosesi yerində işıqlandırıblar. Hamının gözü qarşısında baş verən bir tədbirə saxta foto montajları ilə “rəng qatmaq” yalnız kampaniyanın məqsədyönlü xarakterini göstərir.

Təəssüf ki, bu kampaniyaya "Hürriyət" və "Sabah" kimi nüfuzlu qəzetlər də qoşulub. Azərbaycanın rəsmi qurumları dəfələrlə saxta xəbərləri təkzib etsə də, bəzi media qurumları yalan yaymağa davam edirlər. Türkiyə rəsmiləri məlumatları hələlik təkzib etməyib.

Bakupost.az bildirir ki, modern.az məsələ ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrımla əlaqə saxlayıb.
O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında sağlam təməllərə dayanan qardaşlığı zədələməyi hədəfləyən bu cəhdlər qətiyyən məqsədinə çatmayacaq:

“Son günlərdə ölkəmizə və Azərbaycana qarşı yönələn tənqidi fikirlər ictimaiyyətə yayılmaqdadır. Türkiyə ilə Azərbaycan arasında sağlam təməllərə dayanan qardaşlığı zədələməyi hədəfləyən bu cəhdlər qətiyyən məqsədinə çatmayacaq. Ortaq tarixi və adət-ənənələrimiz Türkiyə-Azərbaycan qardaşlığının banisidir. Bu həmrəylik sadəcə keçmişdən gələn miras deyil, eləcə də gələcək nəsilə buraxılacaq ortaq layihələrlə də güclənməkdədir. Həqiqətdən uzaq propaqanda cəhdləri bu qardaşlığı zəiflətməyəcək. Azərbaycan və Türkiyə “İki dövlət, bir millət" anlayışı əsasında həqiqəti müdafiə etməyə və birlikdə hərəkət etməyə davam edəcək”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar