Azərbaycanda rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Bakupost.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı və digər rəsmi şəxslər müşayiət ediblər.