Azərbaycan mədəniyyəti, folklor nümunələri vaxtaşırı ermənilər tərəfindən mənimsənilir. Onlar musiqi və mədəni irsimizi özününküləşdirməyə cəhd göstərirlər. Bu dəfə hədəfdə qədim Azərbaycan rəqsi “Uzundərə”dir. Ümumiyyətlə, ermənilərin Azərbaycanın musiqisinə, rəqslərinə, folkloruna və mətbəxinə iddiaları yeni məsələ deyil. Vaxtaşırı milli-mədəni irsimizin müxtəlif nümunələrini mənimsəməyə yönəlmiş cəhdlərlə qarşılaşırıq. Azərbaycan isə hər dəfə tarixi faktlara və elmi mənbələrə əsaslanaraq bu cür iddiaların əsassız olduğunu ortaya qoyur və milli-mədəni irsinin qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirir.
Bir tərəfdən sülhdən danışıb, digər tərəfdən Azərbaycanın mədəni irsinə iddialar irəli sürmək nə dərəcədə səmimidir? Bu cür addımlar iki ölkə arasında etimadın yaranmasına və sülh prosesinin irəliləməsinə mane ola bilərmi? Azərbaycan torpaqlarına, mədəniyyətinə iddia etmək, mənimsəməyə çalışmaq ermənilərin nəyinə lazımdır? Onların ərazilərimizi işğal etmələrinə Azərbaycan 2020-ci və 2023-cü ildə son qoydu. Musiqimizə yanaşmada isə bu xislətləri hələ də qalır.
Ümumiyyətlə, bu cür halların qarşısını almaq üçün mədəniyyət xadimləri, elmi ictimaiyyət və dövlət hansı addımları atmalıdır?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan deputat Elman Nəsirov 2025-ci ilin avqust ayında Vaşinqtonda əldə edilmiş tarixi razılaşmalar fonunda Azərbaycan və Ermənistan arasında etimad mühitinin formalaşdırılması istiqamətində praktiki addımlar atıldığını bildirib.
“Prosesin uğurla davam edəcəyi təqdirdə, artıq paraflanmış sülh müqaviləsinin imzalanacağına böyük inam var. Ermənistanın baş naziri Nikol Paşinyanın seçkiqabağı təbliğat kampaniyası zamanı səsləndirdiyi fikirlər, xüsusilə də “Biz Qarabağı Azərbaycana qaytarmamışıq, Qarabağ onsuz da Azərbaycanın idi” məzmunlu açıqlaması bu inamı daha da gücləndirir. Bu baxımdan, 2026-cı ilin tarixə sülh ili kimi düşə biləcəyini düşünmək üçün əsaslar var. Bununla belə, bu fikri müəyyən ehtiyatla ifadə edirik. Çünki bir tərəfdən Ermənistan sülhdən danışır, sülh prosesinə töhfə verəcək etimad mühitinin möhkəmləndirilməsi ilə bağlı bəyanatlar verir, hətta bu istiqamətdə müəyyən praktiki addımlar atır. Digər tərəfdən isə Azərbaycanın milli-mədəni irsinin müxtəlif nümunələrinin mənimsənilməsinə yönəlmiş cəhdlər davam edir”.
Deputat bunun yeni hadisə olmadığını qeyd edib:
“İllərdir Azərbaycanın musiqisinə, rəqslərinə, folkloruna, hətta milli mətbəxinə iddialar irəli sürülür. İndi isə növbəti dəfə hədəfdə Azərbaycanın qədim milli rəqsi olan “Uzundərə”dir. “Uzundərə” xalqımızın milli-mənəvi dəyərlərinin və zəngin mədəni irsinin mühüm tərkib hissəsidir. Bir tərəfdən iki xalq arasında etimaddan danışmaq, bunun sülh prosesində həlledici rol oynadığını vurğulamaq, digər tərəfdən isə həmin xalqın mədəni irsinə iddia irəli sürmək bir-biri ilə ziddiyyət təşkil edir. Söylənilənlə atılan addımlar arasında uyğunluq görünmür”.
E.Nəsirov hesab edir ki, bu cür addımlar sülh prosesinə mane olur:
“Bu, Ermənistanın sülhlə bağlı ortaya qoyduğu yanaşmalara etimadı azaldır və bəyanatların səmimiyyəti ilə bağlı ciddi suallar yaradır. İstərdik ki, Ermənistanın siyasi rəhbərliyi belə məsələlərdə də prinsipial mövqe nümayiş etdirsin. Azərbaycan cəmiyyəti bütün prosesləri diqqətlə izləyir. Görürük ki, Ermənistanın siyasi rəhbərliyi bir tərəfdən sülhdən bəhs edir, digər tərəfdən isə sülh prosesinə mənfi təsir göstərə biləcək addımlardan çəkinmir. Bu cür ikili yanaşmanın mahiyyətini anlamaq çətindir. Əgər doğrudan da sülh istənilirsə, mədəni irsin mənimsənilməsinə yönəlmiş belə cəhdlərin qarşısı alınmalı və bu məsələlərə də eyni həssaslıqla yanaşılmalıdır”.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ermənilərin tarixən mədəniyyətimizi, musiqimizi, rəqs və yeməklərimizi oğurladığını vurğulayıb:
“Bu, yeni bir hal deyil, uzun illərdir ki, ermənilər musiqilərimizi, rəqslərimizi oğurlayır. Yalnız ermənilər deyil, qardaş ölkə Türkiyədə də bizim musiqilərimiz səsləndirilir, amma kimə aid olduğu yazılmır, “anonim” qeyd edilir. Ermənilərə indi düşmən deyirik, sülh prosesindən sonra düşmən deyə bilmərik. Prezidentimiz sülhə qərar verirsə, artıq sülh şəraitində yaşanılacaq, düşmən deməyəcəyik. Musiqimiz, mədəniyyətimiz çox zəngin və möhtəşəmdir. Ona görə də hər kəs yararlanır. Amma bizə məxsus olan mədəniyyət nümunələrinin açıq-aşkar mənimsənilmsəinə edilən cəhdlər qəbuleidlməzdir. Ermənilər, gürcülər, başqa millətlər Azərbaycan rəqslərini, mahnıları ifa edə bilərlər, bir şərtlə ki, bunun Azərbaycana məxsus olduğunu desinlər, bildirsinlər. Daha öz mahnıları kimi təqdim etməsinlər. Bu mənəvi və hüquqi baxımdan yolverilməz haldır”.