Ru
12:40 / 27 May 2021

Ermənilərin göz dikdiyi cənnət məkanımız – Başkənd... - FOTOLAR

17248
Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə “Arsvaşen” adını qoyublar.

Bakupost.az xəbər verir ki, ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. İlk erməni ailələri burada yerli bəyin icazəsi ilə 1858-ci ildə məskən saldılar, 1905-1906-cı illər, 1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları sıxışdırıb kənddən çıxartdılar.

Qarabağ müharibəsi zamanı Ermənistan ordusu həmin ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi. 1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi.

Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər.


Başkənd gölü

Ermənilərin hücumuna son qoymaq üçün Başkənd düşməndən azad edilməli, öz sahiblərinə qaytarılmalı idi. Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçir. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürüb, axıra qədər vuruşub, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak olublar, eyni zamanda düşmənin hücumunu ləngidiblər. Bundan sonra Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başlayıb. Həmin əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnik Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edib. Düşmənin Mutudərə istiqamətində hücumunun qarşısı alınıb və avqustun 8-də Başkənd üzərinə hücum başlayıb. Düşmənin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edilib, qarşı tərəfin 200-dən çox canlı qüvvəsi, 4 topu, 3 tankı, 1 BMP və və digər texnikası məhv edilib. Başkəndi yenidən tutmaq üçün bir neçə cəhd edən erməni dəstələri itkilər verərək geri çəkilməli olublar.

Qeyd edək ki, bu günlərdə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan parlamentdəki çıxışı zamanı “Ermənistanın nəzarəti altında vaxtilə Sovet Azərbaycanın tərkibində olan ərazilər var və indi də Azərbaycanın tərkibində Sovet Ermənistanının əraziləri var”, - deyə bildirib.

Azərbaycan ərazisində isə heç vaxt onların kəndləri olmayıb. Yalnız ehtimal olunur ki, o, bizim Gədəbəy rayonuna yaxın ərazidə yerləşən haqqında bəhs etdiyimiz Başkəndi nəzərdə tutur. Lakin Paşinyan Başkəndin müzakirə mövzusu olmayacağını mükəmməl bilir.

Fotoqraf: Azər Kazımlı
BakuPost
Ermənilərin göz dikdiyi cənnət məkanımız – Başkənd... -  FOTOLAR
Ermənilərin göz dikdiyi cənnət məkanımız – Başkənd... -  FOTOLAR
Ermənilərin göz dikdiyi cənnət məkanımız – Başkənd... -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər