Fransanın 19 bölgəsində “Benjamin” qasırğası səbəbindən "narıncı xəbərdarlıq" elan edilib. Paytaxt Parisdə park və bağlar bağlanıb. Sahilboyu ərazilərdə nəhəng dalğalar müşahidə olunarkən, 100 minə yaxın ev elektrik enerjisiz qalıb.
Bakupost.az xəbər verir ki, Fransa meteorologiya xidməti “Meteo France”ın məlumatına görə, “Benjamin” adlandırılan güclü qasırğa bu gün Atlantik okeanı və La-Manş sahillərinə güclü küləklər və iri dalğalar gətirib. 19 bölgədə "narıncı xəbərdarlıq" səviyyəsinin tətbiq olunduğu bildirilib.
“Le Monde” qəzetinin yazdığına görə, saatda 161 kilometrə çatan küləklər xüsusilə ölkənin şimal və şimal-qərb şəhərlərinə təsir edib.
Nəticədə 100 mindən çox ev elektrik enerjisiz qalıb.
Qasırğa səbəbindən dəmir yolu şirkəti “SNCF” bəzi xətlərdə qatarların hərəkətinin dayandırılacağını, bəzilərində isə sürətin azaldılacağını açıqlayıb.
“BBC”nin məlumatına görə, ən güclü küləklər Şimal dənizində, həmçinin Belçika və Niderland istiqamətində açıq dənizdə davam edir. İngiltərənin şərq hissəsində də küləyin güclü qalacağı gözlənilir.
Mütəxəssislər bu külək sürətlərinin, xüsusən bərə marşrutlarında səfərlərdə fasilələr və gecikmələr yarada biləcəyini bildiriblər.
Cavid, BakuPost