Ru
10:36 / 13 Avqust 2021

Gənclər “İqlim Hərəkatının” aparıcı üzvləridir

2929
Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Son dövrlərdə bütün dünyada sivilizasiya və davamlı inkişaf üçün müəyyən çətinliklər yaradan qlobal istiləşmə həmçinin planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. Buzlaqların əriməsi, bitkilərin vaxtından əvvəl çiçəklənməsi, atmosfer havasının temperaturunun yüksəlməsi, quraqlıqlar, yanğınlar, təbii fəlakətlər və iqlim dəyişikliyinin mənfi təsir etdiyi iqtisadi və sosial böhranlar qlobal iqlim dəyişmələrinin bariz əlamətləri hesab edilir. Xüsusilə, böyük sənaye mərkəzlərinə malik olan əksər ölkələrdə atmosferə atılan karbon qazının həcmi iqlim dəyişikliyi ilə mübarizəyə ciddi şəkildə əngəl törədir.

Qlobal iqlim dəyişmələri və antropogen fəaliyyətin güclənməsi nəticəsində baş verən meşə yanğınları flora və faunanı bir anda məhv edir. Ötən il Avstraliyada baş verən genişmiqyaslı meşə yanğınları nəticəsində milyonlarla canlının həyatını itirməsi ekosistemin kəskin şəkildə pozulmasına gətirib çıxarmışdır. Bu çətin qlobal problemlə mübarizə zamanı dost ölkələrdə baş tutan eko-terrrorlar və xüsusilə, Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrimizdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, düşmənin torpağımızın təbii resurslarının vəhşicəsinə istismarı vəziyyəti daha da acınacaqlı edir.

Son 17 ildə Prezident İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən ekologiya məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasını özündə ehtiva edir. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulmuşdur. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir. Bu gün ölkəmizdə ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.Təsadüfi deyil ki, Cənab Prezident 2010-cu ili Azərbaycanda “Ekologiya ili” elan etmiş, eyni zamanda 2013-cü ildə Azərbaycan MDB məkanında elan olunan ekoloji il çərçivəsində bir sıra regional və beynəlxalq tədbirlər həyata keçirmişdir.

Dövlət Proqramlarında hökumət, beynəlxalq və özəl təşkilatların birgə əməkdaşlığı ilə yanaşı “İqlim Hərakatının” aparıcı iştirakçılarından olan gənclər təşkilatlarının, birliklərinin, siyasi partiyaların aktiv gəncləri, ictimai fəallar, Azərbaycanda formalaşmış könüllü ordusunda fəaliyyət göstərən yeni nəslin nümayəndələrinin, gənc sosial yönümlü sahibkarların və startapların da rolu nəzərə alınaraq onların prosesə cəlb edilməsi, iştirakçılığının təmin olunması davamlı iqtisadi inkişafı, kadr potensialının hazırlanmasını, yeni texnologiya və innovasiyaların idarəçiliyində inkluzivliyi təmin etməlidir.



Qlobal siyasi problemlərin həllində eko-dialoqun aparılması iqlim dəyişikliyi ilə mübarizədə ən mühüm addımlardan biri hesab olunmalıdır. Dövlətlər, qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyətləri, beynəlxalq təşkilatlarla yanaşı ekologiya və ətraf mühitin mühafizəsi sahəsində gənclərin dialoqa qoşulması və hərəkatın aktiv üzvü olmaları əvəzolunmazdır. Gənclərin problemin həllində rolunun artırılması isə özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi-praktik konfransların keçirilməsindən asılıdır. Deputat olaraq dəvət aldığım və Parlamentin də dəstəklədiyi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə DİM üzrə Gənc Səfirlərin baxışını əks etdirən “İqlim Hərəkatı üzrə İnnovativ Layihələrin Tətbiqi” mövzusunda konfrans baş tutmuş və bir araya gələrək bu sahədə ölkədə fəaliyyət göstərən eko-mütəxəssislər tərəfindən regional və qlobal siyasətin müəyyənləşməsində əhəmiyyətli fikir mübadiləsi aparılmışdır.

Xüsusilə tədbirin əsas icraçıları DİM15 üzrə Gənc Səfir, IDEA İctimai Birliyinin üzvü Gülsarə Qasımova, DİM13 üzrə Gənc Səfir Tural Məhərrəmov, DİM2 üzrə Gənc Səfir Bəyimxanım Məmmədova, DİM10 üzrə Gənc Səfir Selcan İbadzadə, DİM11 üzrə Gənc Səfir Fatima Davudlu və DİM16 üzrə Gənc Səfir Lala Sultanlının məhz yeni baxışları növbəti Dövlət Proqramlarının müəyyən komponentlərinin hazırlanmasında faydalı ola bilər.

Yeni çağırışlara cavab verən bu təşəbbüs əminəm ki, QHT-lər, eko aktivlər arasında ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi baxımından birgə maraqlı təşəbbüslərin həyata keçirilməsi, eko-innovasiyların gənclər tərəfindən tətbiqi, texnologiyaların ekoloji maarifləndirmədə rolunun artırılmasında gənclərin daha şaxələndirilmiş iştirakını təmin etmək zərurətini ortaya qoyur.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər