09:36 / 15 Noyabr 2021

“Gerasim”, “Mumu” və “sülhməramlı” təxribat

1945
Elçin Mirzəbəyli

“Sasna Tsrer” terror qrupunun üzvü Norayr Mirzoyanın Daşaltıda Azərbaycan hərbçilərinə qarşı gerçəkləşdirdiyi terror aksiyasının səbəbləri barədə ən müxtəlif versiyalar irəli sürülür. Onların arasında Nikol Paşinyanın Araik Arutunyanla görüşü, Ermənistan müdafiə nazirinin Xankəndiyə səfəri və həmçinin müharibə cinayətkarları Robert Köçəryan və Serj Sarkisyanın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət dairəsinə daxil olan Azərbaycan ərazilərində separatçı dostları ilə təmasları da var.

Amma mənə görə, həyata keçirilən terror aksiyasında diqqətə alınmalı olan əsas məqam cinayətin gerçəkləşdirildiyi zaman kəsiyidir. Ermənistanın ən azı son 30 illik tarixində buna bənzər məqamların sayı yetərincədir. Terror ermənilərin son silahıdır və uzunmüddətli manipulyasiyaları, diplomatik, siyasi və hərbi manevrlərinin bu və ya digər prosesə təsiri azalanda terrora əl atır və təəssüf ki, bir çox hallarda bölgədə davamlı sülhün təmin olunması ilə bağlı həyata keçirilən prosesi sıfırlamağı bacarırlar.

Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində münaqişəyə son qoyulması, sülh müqaviləsinin imzalanması üçün ən əlverişli şərait 1999-cu ildə, ATƏT-in İstanbul sammiti öncəsi yaranmışdı. Lakin həmin il oktyabrın 27-də gerçəkləşdirilən terror aksiyası aparılan danışıqlar nəticəsində əldə olunan nəticələrin gündəmdən çıxarılmasına və prosesin de-fakto sıfırlanmasına zəmin yaratdı. İndi Ermənistanda həmin dövrdə baş verən terror aksiyasının Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəhlizlə bağlı olduğu bildirirlir. Və qeyd olunur ki, guya qətlə yetirilən şəxslər Azərbaycanla Ermənistan arasında “ərazi mübadiləsi”nin əleyhinə olduqları üçün qətlə yetiriliblər. Amma istər həmin dövrdə, istərsə də daha sonra baş verənlər bunun əksini sübuta yetirir. Serj Sarkisyanın qardaşı Saşik Sarkisyanın 2007-ci ildə, Sankt-Peterburqda, erməni kriminal avtoritet Tevosikin yaxın qohumunun dəfnində söylədiyi həmin dövrdə Ermənistan mediasının gündəminə çevrilən sözlər də parlamentdə baş verən kütləvi qətliamın arxasında Köçəryan-Sarkisyan cinayətkar tandeminin dayandığını təsdiqləyir.

Xatırladaq ki, Saşik Sarkisyan öz fikirlərini çoxsaylı şahidlərin yanında belə ifadə etmişdi: “Biz parlamentdə bu qədər adamı ona görə yerə sərmədik ki, bu gün hakiumiyyəti asanlıqla təhvil verək”. Köçəryan-Sarkisyan hərbi cinayətkar rejiminin terrorla aradan qaldırdığı baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan sülh danışıqlarının nəticəyə varmasının tərəfdarı kimi çıxış edir və bölgədə davamlı sülhə nail olmaq üçün münaqişəyə son qoyulmasının vacibliyini bildirirdilər. Ermənistan cəmiyyətində nüfuz və söz sahibi olan bu iki siyasətçinin önə çıxmaları, şübhəsiz ki, cinayətkar klanın siyasi arenadan silinməsinə gətirib çıxaracaqdı və bu baxımdan da son anda ermənilərin klassik “silahı” işə düşdü. Həm danışıqlar prosesi sıfırlandı, həm də müharibə cinayətkarları güclü rəqiblərindən xilas ola bildilər.

2016-cı ilin aprel döyüşlərindən sonra dalana dirənən Serj Sarkisyan, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan qarşısında götürdüyü öhdəliklərdən yaxa qurtarmaq üçün yenə də terrora əl atdı. Bu dəfə “Sasna tsrer” adlı, artıq siyasi partiyaya çevrilmiş hərəkat –terror qrupu işə düşdü. Və Serj Sarkisyan üçün “ölkədəki vəziyyətin gərgin olduğunu və bu səbəbdən öhdəliklərin yerinə yetirilməsinin mümkünsüzlüyünü” bəhanə gətirmək imkanı yarandı.

Eyni dəst-xətt yenidən nəzərə çarpmaqdadır. Azərbaycanla Ermənistan arasında yeni sənədlərin imzalanacağı barədə məlumatların gündəmi zəbt etdiyi bir vaxtda, Daşaltıda “Sasna tserer” terror qrupunun üzvlərindən biri tərəfindən Azərbaycan əsgərlərinə qumbara atılır. Yenə hansısa mühüm qərarların qəbul ediləci ilə bağlı reallıqların nəzərə çarpdığı bir vaxtda və yenə də terror aksiyası... baş verir.

Ermənistanda “Sasna Tsrer”ə münasibət birmənalı deyil. Bunu 1918-ci ildən “siyasi partiya” çətiri altına keçmiş terror təşkilatının son parlament seçkilərində topladığı səs də sübuta yetirir. Amma burada bir məqamın da nəzərə alınmasını vacib sayıram. “Sasna Tsrer”in 2016-cı ildə həbs edilmiş üzvləri, o cümlədən terror təşkilatının qurcusu Jirayr Safilyan, məhz Nikol Paşinyan hakimiyyətə sahibləndikdən sonra azadlığa buraxılıblar. Həmin dövrdə Nikol Paşinyanın bu addımı radikal millətçilərin səslərinin parçalanması, Rusiyayönümlü millətçilərin Qərbyönümlü millətçilər vasitəsilə sıxışdırılması məqsədilə atddığını bildirmişdim. Bu gün də belə düşünürəm.

Qeyd edim ki, Ermənistan mediasının “Fransanın cəsusu” adlandırdığı Jirayr Safilyan Rusiya əleyhinə sərt ritorikası ilə seçilir. İrəvanda Rusiya əleyhinə keçirilən etiraz aksiyalarının təşkilatçılarından biri də Livan ermənisi Jirar Safilyan və onunla birlikdə “Milli-demokratik qütb” hərəkatında təmsil olunan siyasi qüvvələrdir.

“Sasna tsrer”lə bağlı diqqət çəkən məqamlardan biri terror təşkilatının üzvlərinin bir qisminin ikinci Qarabağ müharibəsində ön cəbhəyə getməkdən imtina etmələri, bir hissəsinin isə, ümumiyyətlə Qarabağa gəlməmələridir. “Sasna tsrer”in üzvləri bunu onların Qarabağa getmələrinin qadağan edilməsi ilə əlaqələndirirlər. Amma Nikol Paşinyanın Qərbyönümlü millətçi təşkilatları, o cümlədən “Sasna tsrer”i himayə etməsi ilə bağlı faktlar sübuta yetirir ki, baş nazir, sadəcə onları qorumaq istəyib. O zaman ortalığa təbii bir sual çıxır: Nə üçün?

Ola bilsin ki, Rusiya və Türkiyə əleyhinə kampaniyanın aparılması, ehtiyac duyulduqda Moskvanın iştirakı ilə danışıqların pozulması, sünu gərginliyin yaradılması... üçün. Bunun əksi də ola bilər. Yəni “Sasna tsrer”çilər Nikol Paşinyan üçün uyğun olan bütün ssenarilərdə yer ala bilərlər. Çünki ipləri Nikolun əlindədir.

Terror təşkilatının üzvü Norayr Mirzoyanın Daşaltıda həyata keçirməyə cəhd göstərdiyi terror aksiyası da Azərbaycan hərbçilərinə qarşı idi. Buraya Rusiya sülhməramlılarının “yapışdırılması”nın, ümumiyyətlə yeri yoxdur. Bunu anlamaq üçün dərin analitik təfəkkürə malik olmaq da lazım deyil. Terrora cəhdlə bağlı videogörüntülərdə hər şey aydın görünür. İçərisində Mirzoyanın olduğu yük maşını dayanan kimi Rusiya sülhməramlıları sürətlə ərazidən uzaqlaşırlar.

Azərbaycan hərbçiləri isə yalnız qumbara atıldıqdan sonra baş verənlərin fərqinə varırlar. Deməli sülhməramlılar Morzoyanın terrora cəhd edəcəyini dərhal anlayıblar. Mümkündür ki, Mirzoyanın hərəkətləri Rusiya sülhməramlılarının dayandığı nöqtədən daha tez sezildiyi üçün, sülhə təhdid yaradan addımların qarşısını almağa borclu olanlar, terrorçunun zərərsizləşdirilməsinə cəhd göstərməyiblər, sadəcə dabanlarına tüpürüb qaçıblar. Bunun xüsusi təlimat əsasında baş verdiyini fikirləşmirəm. Elə bacardıqları budur. Baş verənlərdən çıxarılması mümkün olan nəticə isə ondan ibarətdir ki, Rusiya sülməramlıları dislokasiya olunduqları ərazilərdə təhlükəsizliyi təmin etmək iqtidarında deyillər. Zənnimcə, belə bir təəssüratın formalaşması, Moskvanın marağında olmamalıdır. Norayr Mirzoyanın Ermənistana təhvil verilməsinə gəldikdə isə, görünür Kreml iti sahibinə verməklə, həm sahibinin davranışlarını izləmək, həm də Ermənistanın ictimai rəyindəki mövqelərinə qismən də olsa “pozitiv” çalar qatmaq istəyib. Baş verənlərin ən neqativ tərəfi, Rusiyanın Ermənistandakı mövqelərini azərbaycanlılara qarşı həyata keçirilən terror aksiyasının hesabına “möhkəmləndirmək” cəhdidir.

Xankəndində “Gerasim və Mumu”ya Rusiya sülhməramlılarının təyinatına uyğun və müasir interpretasiyada heykəl yapan Moskva, görünür ermənilərdən hələ də it sədaqəti gözləyir və buna ümid bəsləyir.

Son terror aksiyasında Rusiya ciddi uğursuzluğa düçar oldu və bunu kompensasiya etmək Moskva üçün çox çətin olacaq.

Azərbaycana gəldikdə isə, qənaətimə görə, rəsmi Bakı işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirəcək və baş verənlərə artıqlaması ilə cavab verəcək. Həm də bunu istənilən erməninin təhlükəsizliyə təhdid yarada biləcəyi gerçəkliyi üzərindən həyata keçirəcək.




Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər