Ru
11:50 / 02 Aprel 2021

Günelin tumanının altından çıxın: Qarabağda pis oyun gedir!

11310
Sanki qəsd olaraq Cəmil Həsənlinin qızının intim videoları ətrafında qalmaqalı davam etdirirlər; sanki düşünülmüş formada dövlətin təhlükəsizlik xidmətinə meydan oxuyurlar və yaxud təhlükəsizlik orqanları bu oyunu davam etdirir...

Əvvəlcə videodakının özü olmadığını deyən, sonra videoda baş verənlərin təfərrüatını izah etməyə, bəlkə də vəziyyətdən çıxmağa çalışan Günel Həsənlinin açıqlamasının “qeyri-səmimi” olması təəssüratını yaratmaq üçün bir-birinin ardınca videolar yayan, hətta NİDA-çının xanımımın qeyri-məqbul səs yazısını tirajlayıb, AXCP-çi xanımın intim görüntüsünün anonsunu verənlər cəmiyyəti tuman altına yığmaqla məşğuldur. Burda hansı dövlət və ya qeyri-dövlət qurumunun rolunun nə qədər olması bir ayrı söhbətin mövzusudur. Ancaq fakt odur ki, vəd edilən araşdırma daha çevik olsaydı və Mahir adlı o şəxs istintaqa cəlb edilsəydi, prosesin izinə düşmək, ən azı “intim serialın” yayımının yarımçıq dayandırmaq mümkün olardı.

Kim və nəyə görə bu serialın davam etdirilməsinə şərait yaradır və niyə məhz indi?

Qarabağda Rusiya oyunu

Məhz indi – ona görə ki, Qarabağda Rusiya sülhməramlılarının aylardır başladığı oyun indi Rusiya Müdafiə Nazirliyinin açıq və birbaşa müdaxiləsi ilə daha həyasız müstəviyə daxil olub.

Hələ aylar öncə rusiyalı məşhur politoloq Maksim Şevçenko ukraynalı hərbi texnoloqun dəqiq hesablamalarını öz şərhi ilə genişləndirmişdi. Məsələ ondaydı ki, Qarabağda rus sülhməramlıları üçün ilk modul tipli şəhərciklər tikilərkən onların tutumu və sayı haqda məlumatları toplayan politoloqlar ümumilikdə bu şəhərciklərdə 10 min əsgərin yerləşdirilməsi üçün şərait yaradılacağını elan etdilər.

On min! Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilən kontingenti 10 noyabr 2020-ci il bəyanatına əsasən, 1960 nəfərlə məhdudlaşmalı idi. Bəs, Rusiya 10 min əsgərə xidmət edəcək modul şəhərcikləri kimin üçün qurur və bu həcmi sürətlə artırmaqda məqsədi nədir?

Rusiyanın sülhməramlıların ardınca Qarabağa FHN-çı, hərbi tibb personalı, istehkamçı, inşaatçı adı ilə əlavə olaraq daha 4 min personal yerləşdirməsinə göz yummağın acı nəticəsi özünü qısa müddətdə göstərdi.
Fakt odur ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində “dağlıq qarabağ respublikası” – “artsax”dan varmış, mövcudmuş kimi bəhs edir.

Daha təhlükəli məqam odur ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycan inşaatçılarının Kəlbəcər rayonuna daşınan materiallarını müşayiət edərkən, bunu “Azərbaycanın azad edilmiş ərazilərinə inşaat materiallarının TRANZİTinin həyata keçirilməsi” kimi rəsmi xəbər bülletenində elan edir.

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi isə bircə dəfə də olsun, Rusiya Müdafiə Nazirliyinin bu qədər həyasız və qanunsuz ifadələrinə etiraz etməyib.

Erməniləri daşıyıb Qarabağa gətirən, onlar üçün həftədə 5 kq olmaqla, pulsuz ərzaq verən, məktəbləri, sosial obyektləri təmir edən, məktəb ləvazimatlarını belə pulsuz paylayan, Qarabağdakı separatçı-terrorçularla rəsmi şəxslər kimi görüşən Rusiya sülhməramlı kontingentinin özbaşınalığı artıracağı gözlənilən idi. Budur, Rusiya müdafiə nazirinin müavini Bulqakov Qarabağa gəlir və burda şəhərciyin açılışını edir. Kimdən icazə alıb? Azərbaycanın buna razılığı olubsa, onun yanında niyə separatçılar, Ermənistan rəsmiləri var, ancaq Azərbaycan MN-nin bir zabiti belə yoxdur?

Rusiya sülhməramlıları kimin ərazisində yerləşib? Rusiyalı nazir müavini ora hansı marşrutla gəlib? Azərbaycan Müdafiə Nazirliyinin bu özbaşınalığa reaksiyası nədən ibarətdir?

Heç nə aydın deyil. 10 noyabr bəyanatının müddəaları ciddi şəkildə pozulur, Rusiya illərdir ermənilərin işğal etdiyini qəbul etdiyi yerdə indi özü, həm də öz ordusu ilə oturub və sürətlə yeni işğalı legitimləşdirmək istiqamətində, yaxud da provokasiyalar üçün hər cür addımı atmaqdadır.

Bu məqamda Azərbaycanın edə bildiyi yeganə məsələ İsgəndər-M raketindən istifadəni gündəmə gətirməkdir – vəssalam! Niyə indi gündəmə gətirilir? Niyə Prezident İlham Əliyevə 26 fevralda Ermənistanın “İsgəndər”dən istifadə etdiyinə dair fakt olmadığını elan etməmək üçün əvvəlcədən ona məlumat verilməmişdi?

Tutaq ki, həmin zaman təsdiqedici məlumat yox idi və bu fakt, hazırda elan edildiyi kimi, 15 martda əldə edildi. ANAMA Şuşada “İsgəndər-M” qalıqlarını 15 martda tapdığını rəsmən elan edir.

Bəs, 15 martda tapılan qalıqlar niyə mediaya 30 martda, Bulqakovun Azərbaycanı saymadan və vecə almadan Qarabağa gəlib, dədəsinin xarabasındaymış kimi özünü apardığı vaxt ictimailəşdirilir? Niyə vaxtında doğru-dürüst informasiya siyasəti qurulmur?

Hələ 26 fevralda - Prezident İlham Əliyev “İsgəndər”dən istifadə ilə bağlı Azərbaycan tərəfdə məlumat olmadığını bildirdiyi zamandan xeyli əvvəl Böyük Britaniya mediası İngiltərə Müdafiə Nazirliyindəki mötəbər mənbəyə istinadla Bakıya “İsgəndər” kompleksindən raket atıldığını və bunun İsraildən alınan komplekslə havadaca məhv edildiyini yazmışdı. Bundan öncə isə ermənilər özü noyabr ayında Azərbaycana Ermənistan ərazisindən “İsgəndər” raketləri ilə zərbə endirildiyini əks etdirən video-kadrlar yaymışdılar.

Bu məlumatlar incələnmədən, bu barədə heç bir açıqlama vermədən “İsgəndər”lərin istifadəsini təkzib etmək kimə lazım idi? Rusiyanın silah sənayesini xilas etmək kimin ağlına gəlmişdi?

Bu da Rusiyaya jestin nəticəsi...

Amma bu nəticə qətiyyən gözlənilməz deyil. Çünki rus sülhməramlılarının aylardır Qarabağda hansı oyunlar oynadığını və Rusiya Müdafiə Nazirliyinin hansı ifadələrdən istifadə etdiyini görmək və yaxud fərqinə varmaq lazım idi.

Heç olmasa indi, Rusiya MN-in bu qədər həyasız reaksiyasından sonra informasiya siyasətini düzgün qurmaq olar.

Əlbəttə, şübhə yoxdur ki, Əliyevlə Putin arasında baş tutan “qəfil” danışığın səbəbi budur. İlham Əliyev bu həyasızlıq barədə Rusiya liderinə öz etirazını dərhal bildirməliydi və güman ki, dünənki gözlənilməz telefon danışığının məqsəd və məramı da budur. Ancaq buna qədər ölkənin informasiya təhlükəsizliyinə cavabdeh olanlar Prezident İlham Əliyevin hazırda daha üstün diplomatik mövqeyi üçün zəmin hazırlaya bilərdilər.

Ümumiyyətlə, ölkədə, xüsusilə hakim komandada “qalib arxayınlığı” hökm sürür: təbliğat – sıfır, informasiya siyasəti – sıfır, təhlükəsizlik addımları – şıfrın altında... Rəsmi qurumların müharibə zamanı göstərdiyi operativlikdən əsər-əlamət yoxdur. Müdafiə Nazirliyi sorğulara cavab vermir və yaxud cavab verməyi lazım bilmir, heç bir informasiya müharibəsi aparılmır, cəmiyyətimiz, o cümlədən beynəlxalq ictimaiyyət erməni təbliğatının təzyiqləri altındadır.

Ordumuzun, əsgərlərimizin qanı-canı ilə apardığı savaşın nəticəsi bəzilərini elə xumarlandırıb ki, nələri əldən verdiklərinin fərqinə varmaq istəmirlər.

Günellərin tumanının altından çıxın; Günellər bu cəmiyyətin müzakirə mövzusu o deyil. Rusiya müdafiə nazirinin müavininin Qarabağa necə gəlməsi barədə suallara rəsmi cavab verin! Separatçı-terrorçularla rus sülhməramlılarının rəsmi görüşlərinə aydınlıq gətirilməsini tələb edin! Qarabağda 10 min nəfərlik blok-postlar tikmək üçün çalışan Rusiya MN-i sorğuya çəkin!

Hətta Şuşada blok-post tikmək istəyənlərin həyasızlığına cavab vermirsinizsə, heç olmasa, medianın sorğusunda buna reaksiya verin!

Elnur
Bakupost.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər