Günəş tutulmasını qeydə almaq məqsədilə ABŞ-a məxsus xüsusi təyyarə Danimarka boğazı üzərində havaya qaldırılıb.
"Bakupost" TASS-a istinadla xəbər verir ki, söhbət ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinə (NASA) məxsus təyyarədən gedir.
Mənbənin sözlərinə görə, İslandiyadan Martin WB-57 Canberra xüsusi təyyarəsi havaya qalxaraq İslandiya ilə Qrenlandiya arasındakı Danimarka boğazı üzərində uçuşlara başlayıb.
Mənbə bildirib ki, bu tip təyyarələr taktiki bombardmançı-kəşfiyyat təyyarələri hesab olunur. Lakin bu dəfə təyyarə elmi tədqiqatların aparılması üçün uyğunlaşdırılıb.
“Bu təyyarə Danimarka boğazının akvatoriyası üzərində 15 kilometrdən yüksək hündürlükdə dövrə vurur. Bunun sayəsində ərazidəki mülki aviasiyanın hərəkətinə mane olmur”, – deyə mənbə bildirib.
Günəş tutulmasının müxtəlif mərhələlərinin Avropa, Asiyanın qərbi, Afrika, Şimali və Cənubi Amerika, eləcə də Sakit, Atlantik və Hind okeanlarının bəzi hissələrində və Antarktidada müşahidə olunacağı gözlənilir.
Ayın kölgəsi Şimal qütbündən 100 kilometrdən az məsafədən keçəcək, daha sonra Qrenlandiya və İslandiyanın üzərindən hərəkət edəcək.
Günəş tutulması Bakı vaxtı ilə saat 19:34-də başlayıb və 23:57-də başa çatacaq.