Güney Azərbaycanın cənubundakı Qaradağ bölgəsi, Culfa və Biləsuvar rayonlarında meşə sahələrində yanğın davam edir. Şərqi Azərbaycan Fövqəladə Hallar İdarəsinin rəhbəri helikopterlərin göndəriləcəyini açıqlasa da, yerli mənbələr bildirir ki, hələ heç bir texnika əməliyyata qatılmayıb.
Bakupost.az xəbər verir ki, yanğın sürətlə yayılır, əhali və könüllülərdən kömək çağırışları gəlir.
Qaradağın Nəmməq bölgəsində bir neçə gündür davam edən meşə yanğını geniş əraziləri əhatə edib. Yerli sakinlər və könüllülər əsasən əl vasitələri – bel, kürək və şlanqlarla yanğını söndürməyə çalışırlar. Rəsmi xilasedici qüvvələrin və helikopterin bölgəyə göndərilməməsi narazılığa səbəb olub.
Nəmməq və Üçtibin kəndlərinin məsul şəxsləri dövlət qurumlarının biganəliyini tənqid edərək, əlavə dəstək üçün çağırış ediblər. Güclü külək alovun yayılmasını sürətləndirir və vəziyyəti daha da ağırlaşdırır.
Hadisə yerinə yaxın kəndlərdə də tüstü müşahidə olunur. Yerli mənbələr dövlətə yaxın media orqanlarının “yardımlar göndərilir” xəbərlərini yalan adlandırır və faktiki olaraq yanğınla mübarizənin tamamilə xalqın üzərində qaldığını bildirirlər.
Yanğının miqyası və dəymiş ziyanla bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.
Güney Azərbaycanlılar şimaldakı qardaşlarına müraciət etdi?
“Qaradağlarımız yanır… Meşələrimiz, otlaqlarımız, kəndlərimizin ətrafı alov içindədir. Yerli imkanlar yanğını dayandırmağa yetmir və təhlükə hər saat artır. Dövlət kömək etmir. Havadan dəstək lazımdır.
Güneyli soydaşlar olaraq Quzeydəki qardaş-bacılarımıza müraciət edirik: səslərimiz eşidilsin, xəbər yayılsın, dəstək göstərilsin. Ellit meşəsi üçün etdiyiniz kimi, Qaradağ üçün də səsimizi ucaldın. Hər paylaşım, hər dəstək bir ağacın, bir canlının, bir kəndlinin həyatını xilas edə bilər.
Qaradağ yanır, susmayaq.
Bir millətik, bir ağacımız yansa, hamımız yanırıq”.
Cavid, BakuPost