Dünya siyasətində siyasətçilər, müxaliflərlə yanaşı bir sıra prezidentlər və keçmiş dövlət başçıları da müxtəlif səbəblərlə həbs olunublar. Bu həbslər arasında korrupsiya, rüşvət, konstitusiya pozuntuları, dövlət çevrilişi cəhdləri və siyasi motivli ittihamlar ön plandadır. Hazırda həbsdə olan və ya həbsdə olub azadlığa çıxan liderlər dünyanın maraq mərkəzindədir.
Bakupost.az Sfera.az-a istinadla həbsdə olmuş dünya liderləri ilə bağlı məluçatı təqdim edir:
Siyahıda diqqətçəkən nümunələrdən biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Ərdoğanın həbsi ölkə daxilində və beynəlxalq arenada geniş müzakirələrə səbəb olub. Mediada bu hadisənin Türkiyənin siyasi gələcəyinə və hakimiyyət balansına ciddi təsir göstərəcəyi ilə bağlı məqalələr də dərc olunurdu. Ərdoğan 1998-ci il aprelində korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsi və demokratik institutlara təzyiq ittihamları ilə həbs edilib. Həmin vaxt İstanbul bələdiyyəsinə rəhbərlik edən Rəcəb Tayyib Ərdoğan Siirt şəhərində etdiyi çıxışda "xalqı sinif, irq, din, məzhəb və ya bölgə fərqliliyi nəzərə alaraq kin və düşmənçiliyə təhrik etdiyi" iddiası ilə Diyarbəkir Prokurorluğunun açdığı iş üzrə 10 ay həbs cəzasına məhkum edilib. Onun mitinqdə səsləndirdiyi "Minareler süngümüz, kubbeler miğferimiz, camiler ise kışlamız" sözlərinə görə 1 ildən 3 ilə qədər həbs istənilmişdi. Prokurorun bəraət tələb etməsinə baxmayaraq, məhkəmə cəzanın təxirə salınmaması barədə qərar verib.
Digər bir nümunə isə ömürlük həbs cəzası almış Yoon Suk Yeoldur. Cənubi Koreyanın sabiq prezidenti Yoon Suk Yeol 2026-cı ildə məhkəmə tərəfindən ömürlük həbs cəzası alıb. 2024-cü ildə parlamenti bloklamaq və hökumətin işləməsinə mane olmaq üçün qismən hərbi vəziyyət (martial law) elan etməsi, etirazçıların qarşısının alınması və demokratik konstitusiyanın pozulması səbəbi ilə məhkəmə onu “insureksiya”, yəni dövlət çevrilişinə cəhd və səlahiyyətlərini sui-istifadə etməkdə günahkar bilinib. Bu qərar Cənubi Koreyada prezident səlahiyyətini itirdikdən sonra ilk dəfə ağır cəza alan sabiq dövlət başçısı nümunəsidir.
Latın Amerikasına nəzər saldıqda isə Peru bir neçə keçmiş prezidentin həbsdə saxlandığı ölkə kimi diqqət çəkib. Perunun sabiq prezidenti Alejandro Toledo (2001-2006) korrupsiya və pul yuma ilə bağlı ittihamlar nəticəsində həbsdədir. Sabiq prezident Pedro Castillo isə (2021-2022) konqresi ləğv etməyə və hakimiyyəti qeyri-qanuni yollarla saxlamağa cəhd etdiyi üçün təxminən 11,5 il həbs cəzası alıb. Ollanta Humala isə (2011-2016) pul yuma və korrupsiya ittihamları ilə uzun müddət həbsdədir. Sabiq prezident Martin Vizcarra (2018-2020) tikinti şirkətlərindən rüşvət alma ittihamı ilə 14 illik həbs cəzasına məhkum edilib və hazırda Barbadillo Həbsxanasında saxlanılır. Braziliyanın sabiq prezidenti Cair Bolsonaro isə ev həbsindədir. 2022-ci il seçkilərindən sonra hakimiyyətini saxlamaq üçün dövlət çevrilişi planlaşdırmaq, demokratik qurumlara zorakılıq çağırışları etmək və seçki sistemini zəiflətmək ittihamları səbəbi ilə 27 ildən çox cəza alıb.
Fransanın keçmiş prezidenti Nikolas Sarkozi də qısa müddət həbsdə olub. Ona 2007-ci il seçki kampaniyasını Liviyalı diktator Muammar Qəddafidən gələn pullarla maliyyələşdirməyə cəhd ittihamı verilib. Daha sonra sərbəst buraxılıb.
Myanmanın keçmiş lideri Aunq San Suu Kyi 2021-ci ildə hərbi çevrilişdən sonra siyasi motivli ittihamlarla məhkəmə qarşısına çıxarılıb və hələ də məhbus statusundadır.
Pakistanın sabiq baş naziri İmran Xan dövlət sirrini yaymaq və korrupsiya ittihamları səbəbindən həbs olunub, tərəfdarları bu ittihamları siyasi motivli hesab edirlər. Cənubi Afrikanın keçmiş prezidenti Yakob Zuma 2021-ci ildə məhkəmə qarşısına çıxmaqdan imtina etdiyi üçün qısa müddət həbsdə olub, daha sonra səhhəti səbəbi ilə sərbəst buraxılıb.
Cənubi Koreyanın keçmiş prezident Pak Kın Xe (2013-2017) də məhkəmə qarşısına çıxıb. 2017-ci ilin martında korrupsiya qalmaqalı ilə bağlı ona impiçment elan olunmuşdu. 2018-ci ilin aprelində isə vəzifə səlahiyyətlərini aşma, korrupsiya, dövlət sirrini yayma və s. ittihamlar əsasında Pak Kın Xeyə 24 il həbs cəzası verilib. Misirin keçmiş prezidenti Hüsnü Mübarək isə 2011 inqilabından sonra sərt repressiyalar və dinc etirazçıların qətli ilə bağlı mühakimə olunub, daha sonra bəzi ittihamlar ləğv edilib.
Keçmiş Sudan prezidenti Omar əl Başir 2019-cu ildə kütləvi etirazlar nəticəsində devrilib və həbsə atılıb. Ona hakimiyyətdə olduğu dövrdə ölkədəki zorakılıq və korrupsiya ittihamları ilə bağlı məhkəmə cəzası verilib. Əl-Bəşir həmçinin Darfurda insanlığa qarşı cinayətlər və soyqırım ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarılır. Keçmiş İraq prezidenti Səddam Hüseyin 2003-cü ildə devrilərək həbs edilib. Sonra məhkəmə tərəfindən mühakimə olunub və 2006-cı ildə edam edilib. Hakimiyyəti dövründə minlərlə mülki şəxsin ölümü və insan haqları pozuntuları ilə əlaqədar mühakimə olunub. Bu, həbsdən sonra ölüm cəzası ilə bitən nadir nümunələrdən biridir.
Həbs olunan prezidentlər arasında Serbiyanın ilk prezidenti Slobodan Miloşeviçin nümunəsi ən çox səs-küy qoparan epizodlardan sayılır. 2001-ci ildə növbəti prezident seçkilərini uduzan Miloşeviç hərbi cinayətlər və korrupsiya ittihamı ilə məsuliyyətə cəlb olunub. Eks-prezident keçmiş Yuqoslaviya üçün yaradılmış Beynəlxalq Tribunala verilmişdi. Miloşeviç üzərində məhkəmə işi bir neçə il davam edib. Sabiq prezidentin səhhətində yaradılan problemlərə görə məhkəmə 22 dəfə fasilə verməli olub. 2006-cı ilin martında Slobodan Miloşeviç Haaqa Tribunalının həbsxanasında ürək tutmasından vəfat edib.