Ru
17:49 / 08 Oktyabr 2026

"Heç bir perspektiv yoxdur": Marko Rubiodan Ukrayna münaqişəsi ilə bağlı etiraf

"Heç bir perspektiv yoxdur": Marko Rubiodan Ukrayna münaqişəsi ilə bağlı etiraf
Eye

Hazırda Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həlli üçün heç bir perspektiv yoxdur.

“Bakupost” xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bunu Yunanıstan mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton razılaşmanın əldə olunmasını təmin etmək üçün istənilən rol oynamağa hazırdır, lakin əvvəlki cəhdlər uğursuz olub.

Bu etirafı səsləndirməklə ABŞ rəsmisi nə demək istəyib? Olmaya Vaşinqnton artıq Ukrayna münaqişəsinin həllində vasitəçilik missiyasından geri çəkilməyi düşünür?

Siyasi şərhçi Elçin Alıoğlu “Bakupost”a bildirib ki, Rubionun dedikləri Vaşinqtonun Rusiya ilə qarşıdurmaya, Ukraynanın gələcəyi və Avropanın təhlükəsizlik arxitekturasına münasibətində mühüm dəyişikliklərin əlaməti ola bilər:

“Əsas sual odur ki, Ağ Ev müharibəni dayandırmaq cəhdlərindən imtina edir, yoxsa münaqişənin davam etməsinə görə, məsuliyyəti öz üzərindən götürərək, gələcək sülhün şərtlərini müəyyənləşdirmək imkanını saxlamağa çalışır. Bu iki yanaşma arasında prinsipial fərq var. Amerikanın strateji geri çəklməsi və ikincisi isə onun siyasi manevr imkanlarının genişləndirilməsini nəzərdə tutur”.

Ekspert qeyd edir ki, Rubionun açıqlamasını diqqətlə təhlil etdikdə, ikinci ehtimal daha inandırıcı görünür:

“Rubio müharibənin dalana dirəndiyi və belə vəziyyətdən çıxmağın iki yolu olduğunu bildirib. Danışıqlar və ya eskalasiya. Amma Rubionun açıqlamasının ikinci hissəsi birincidən heç də az əhəmiyyətli deyil. Belə ki, o ABŞ-nin münaqişənin diplomatik həlli üçün konstruktiv rol oynamağa hazır olduunu da qeyd edib. Deməli, burada söhbət vasitəçilikdən imtinadan getmir. Sadəcə, Vaşinqton danışıqların indiki şərtlərlə nəticəsizliyini etiraf edir. Yəni Rusiya öz şərtlərindən, Ukrayna da mövqeyindən geri çəkilməsə, heç bir danışıq baş tutmayacaq”.

Bununla belə, ekspert deyir ki, ABŞ bütün hallarda gələcək razılaşmanın iştirakçısı olmaq hüququnu heç kimə vermək niyyətində də deyil:

“Bu mövqenin arxasında bir neçə strateji hesablama dayanır. Tramp adminstrasiyası Ukrayna məsələsində üzləşdiyi siyasi ziddiyyəti idarə etməyə çalışır. Çünki Trampın Ukrayna müharibəsini dayandırmaq vədləri baş tutmur”.

Ekspert hesab edir ki, Vaşinqton üçün təhlükə yalnız müharibənin uzanması deyil, əsas problem onun Amerikanın nüfuzuna vurduğu zərbədir:

“Müharibəni dayandıracağını vəd edən Tramp nə Kiyev, nə də Moskvanı qarşılıqlı güzəştlərə məcbur edə bilmir. Rubionun etirafı bu ziddiyyəti izah etmək cəhdidir. Digər mühüm məqam müharibənin ərazi ölçüsündən daha geniş siyasi məzmun qazanmasıdır. Donetskə tam nəzarəti ələ keçirmək tələbi Moskva üçün müharibəni daxili auditoriyaya qələbə kimi təqdim etmək deməkdir. Kiyev üçünsə həmin tələbə razılıq vermək nəzarətindəki ərazilərdən döyüşsüz imtina, müdafiənin zəifləməsi və gələcək təhlükəsizlik təminatına inamın sarsılması deməkdir”.

Həmsöhbətimiz deyir ki, bu durumda ABŞ müharibəni dayandıra bilmədiyi halda belə onun necə davam edəcəyi və nə vaxt danışıqlara qayıdılacağına təsir göstərmək imkanını qorumaqda davam edir:

“Rubionun bəyanatının mahiyyəti də bundadır. Amerika sülhə aparan yolu tapa bilmədiyini etiraf edir, amma həmin yolun gələcəkdə onsuz müəyyənləşdirilməsi ilə də razılaşmaq niyyətində deyil. Prosesdə əsas sual kimin sülh istəməsi deyil. Əsas sual odur ki, müharibənin davam etməsi hansı tərəf üçün nə vaxt onun dayandırılmasından daha baha başa gələcək. Həmin məqam yetişməyincə, bəyanatlar, təkliflər dəyişəcək, amma müharibənin məntiqi əsla dəyişməyəcək”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar