Samux rayonunun Hacıalılı kəndində yerləşən "Osmanın çayçısı" adlanan çayxananın qarşısında səyyar corab satışı həyata keçirən vətəndaşı vuran şəxsə hökm oxunub.
Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə corabın qiymətinə görə baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Sahir İmanov (soyad şərti) hadisəni içkili vəziyətdə törədib. Təqsirləndirilən şəxs zərərçəkmiş Eldənizdən corab almaq istəyib və onun daha ucuz qiymətə verməsini tələb edib. Həmkəndliləri arasında "Göygöz" ləqəbi ilə tanınan Sahir həmin kənddə Heydər və Asəf adlı qardaşları ilə corab satan Eldənizdən corabı ona ucuz verməyəcəkləri halda həmin kəndə gəlməmələrini tələb edib.
Bu zaman Eldəniz təqsirləndirilən şəxsə "sən kimsən ki, bizə kəndə gəlmə deyirsən?" deyib. Sahir bundan qəzəblənərək onun sifət nahiyəsinə başla zərbə vuraraq yüngül xəsarətlər yetirib.
Məhkəmənin qərarı ilə Sahir Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli biliib və 2 ay 28 gün azadlıqdan məhrum edilib