Bu gün (1 mart 2026-cı il) strateji əhəmiyyətə malik Hörmüz Boğazı yaxınlığında neft tankerinə zərbə endirilib. Hadisə Omanın Musandam yarımadası sahilləri yaxınlığında qeydə alınıb.
Bakupost.az xəbər verir ki, Omanın Dəniz Təhlükəsizlik Mərkəzinin məlumatına görə, Palau bayrağı altında üzən “Skylight” adlı tanker hücuma məruz qalıb. Nəticədə gəminin heyət üzvlərindən dörd nəfər yaralanıb. Tankerdə ümumilikdə 20 nəfər ekipaj üzvü olub – onların 15-i Hindistan, 5-i isə İran vətəndaşıdır. Bütün heyət təhlükəsiz şəkildə təxliyə edilib.
Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik rəsmi olaraq açıqlanmayıb. Lakin Türkiyə mediasının açıqlamasına görə gəmi İran tərəfindən vurulub. İnsident regionda artan hərbi-siyasi gərginlik fonunda baş verib və beynəlxalq dəniz nəqliyyatı üçün risklərin yüksəldiyini göstərir.
Mütəxəssislər bildirirlər ki, hadisə dünya enerji bazarına təsirsiz ötüşməyə bilər. Qlobal neft daşımalarının mühüm hissəsi məhz Hörmüz Boğazı vasitəsilə həyata keçirilir və bölgədə təhlükəsizlik risklərinin artması sığorta xərclərinin və nəqliyyat tariflərinin yüksəlməsinə səbəb ola bilər.
Hadisə ilə bağlı araşdırmalar davam edir. Rəsmi qurumların əlavə açıqlamaları gözlənilir.
Cavid, BakuPost