Ru
14:39 / 03 Dekabr 2025

İbrahimbəyovu qeyzləndirib oyuna gətirdilər

İbrahimbəyovu qeyzləndirib oyuna gətirdilər
Eye

“Milli Şuranın yaradılması günbəgün yadımdadır. Tiflis toplantısı daxil demək olar, bütün toplantılarına reportyor kimi qatılmışam, hər birindən yazılar yazmışam. Rüstəm İbrahimbəyovdan dəfələrlə müsahibələr götürmüşəm. Axundov kitabxanasında hamısı qalır. Canlı şahid də bu müsahibələrdə məkanda olan hörmətli Eldar Namazov idi”.

Bakupost.az xəbər verir ki, bunu jurnalist Aygün Muradxanlı sosial şəbəkədə bildirib.



O qeyd edib ki, niyə müxalifətin birləşdiyi quruma iki vətəndaşlığı olan Rüstəm İbrahimbəyovun sədr gətirilməsi indi də müəmmalıdır:

"Axı, Milli Şura sədri seçkidə vahid namizəd olacaqdı. Azərbaycan qanunlarına görə, hər hansı ölkənin vətəndaşlığını daşıyan şəxs prezidentliyə iddia edə bilməz. O da ola Rusiyanın vətəndaşlığı…

Rüstəm müəllim böyük yazar, bir Azərbaycan brendi idi. Bunu heç kim mübahisələndirə bilməz. Sovetlər Birliyində yetişsə də, türk köklərinə, bakılı gələnəyinə bağlı idi. Şübhə edənlər onun “Кочевник”ini oxusunlar, ya da Nazarbayev dönəmində "Qazaxfilmd"ə çəkilən eyni adlı filminə baxsınlar. Amma siyasətdə çox naşıydı. Şəxsi inciklikləri çox öndəydi. Zamanında əli çatan bütün imkanlar məhdudlaşdırılmış, haqqında gülünc bir gərəkçəylə cinayət işi açılmışdı. Guya rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı Bakıda keçirilən tədbirə gələn qonaqların taksi xidmətlərinə görə çekləri vergi orqanlarına verməyib, vergidən yayınıb. Onun qürurunu hansısa qəpik-quruşla incitmişdilər. Beləliklə də Oskar ödüllü, dünyaca ünlü, ABŞ Kino Akademiyasının jürilərindən biri İbrahimbəyovu qeyzləndirib oyuna gətirməyi başarmışdılar.

İbrahimbəyov kimi siyasətin “s”-sını bilməyən, amma iddialı şəxsin müxalifətin başına gətirilməsi kimin senarisi idisə, çox ustalıqla düşünülmüşdü. Ondan da müəmmalısı bu idi ki, sadaladıqlarımı bilə-bilə illərini siyasətdə keçirən şəxslər niyə bu senariyə qol qoymuşdular? Bu axı onların siyasi təcrübəsi üçün çox dayaz tələ idi.

Rüstəm İbrahimbəyov bütün suallara açıq idi. Müsahibələrdə soruşurduq, cavablarından bilinirdi ki, üzərində hansı oyunlar qurulduğunun fərqində deyil. İsrarı bir məsələ üzərində idi. O, Prezident İlham Əliyevlə görüşmək istəyirdi və düşünürdü ki, keçmişdə olan yaxın münasibətlər belə bir görüşün baş tutmasına imkan verir. Amma bu görüş baş tutmadı. Senaridə bu yox idi…
İndilik bu qədər..."


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar