Fevralın 6-da səhər saatlarında güllələnmə hadisəsi baş verən “İdrak” liseyinin yerləşdiyi bina ilə bağlı iddialar yayılır. Mülkün və liseyin ötən ilin dekabr ayında həbs olunan iş adamı Ruslan Eyyubova məxsus olduğu deyilir.
Bakupost.az xəbər verir ki, bu barədə BAKU.WS məlumat yayıb.
R.Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Onlar general–polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.
Globalinfo.az-a özəl mənbələrdən daxil olan məlumatda isə bildirilir ki, “İdrak” liseyinin yerləşdiyi bina sabiq baş prokuror Zakir Qaralova və qardaşına məxsusdur. Onların bu liseyi Z.Qaralov baş prokuror vəzifəsində işlədiyi vaxt qurduqları deyilir.
Mənbəmiz bildirir ki, Mönsüm Alışov Zakir Qaralovun yaxından dəstəyi ilə bu liseyə rəhbər gətirilib. Qeyd edək ki, Mönsüm Alışov 1954-cü ildə Qubadlının Çərəli kəndində anadan olub.
Xatırladaq ki, “İdrak” liseyi 2008-ci ildə Sumqayıtda yaradılıb, 2014-cü ildə isə Bakıda filialı açılıb.