“İki həftəyə yaxındır yolumuzu qazıb gediblər. Qapımızı açıb çölə çıxa, işə gedə bilmirik. Uşaqlarımız məktəbə gedə bilmir”.
Bakupost.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Yasamal rayonu, Mirzə İbrahimov 7 ünvanında yaşayan sakinlər müraciət ediblər.
Onların iddiasına görə, sakinlərin gediş-gəlişi üçün alternativ yol qoyulmayıb: “Heç kəs evdən çıxa bilmir, çünki küçəyə ayaq atmaq mümkün deyil. Əvvəlcə alternativ yol var idi, cümə günündən isə onu da qazıblar. Bizə deyirlər ki, Fəvvarələr bağına qədər ərazidə park salınır. Amma heç bir iş görülmür. Fəhlələr əllərində bel bir-biri ilə söhbət edirlər...”
Problemlə bağlı Yasamal Mənzil-Kommunal Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirilib ki, bir müddət əvvəl sözügedən ərazidə təmir işlərinə başlanılıb və hazırda ərazidən keçən bütün kommunikasiya xətləri yenilənir: “Bu ərazidə su və qaz xətləri dəyişdirilir. Küçə tam bağlanmayıb, hərəkət üçün bəzi hissələrdə yer qoyulub. Qurumlar mərhələli şəkildə işləyir, işlər yekunlaşandan sonra əraziyə asfalt və ya daş döşənəcək”.