Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin istintaqı başa çatıb.
Bakupost.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin beynəlxalq konfransda məlumat verib.
O, təyyarə qəzasının araşdırılmasına Azərbaycan, Rusiya və Qazaxıstanın təcrübəli mütəxəssislərinin cəlb olunduğunu bildirib: “Hazırda istintaq tam yekunlaşıb və nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.