Məşhur türkiyəli müğənni Ajda Pekkan Yeni il gecəsində təşkil olunan tədbirdə iştirak etmək üçün Azərbaycandan gələn cəlbedici təklifi qəbul etməyib.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat verib.
Məlumata görə, tanınmış sənətçiyə Ankaradan, Bakıdan və Kipr şəhərlərindən birindən fantastik təkliflər göndərilib.
İddia olunur ki, superulduz bir gecə üçün 20 milyon lirə (təxminən 792 min manat) qarşılığında səhnəyə çıxmaqdan boyun qaçırıb.
Məşhur sənətçinin müalicə olunan bacısı Semiramis Pekkanı tək qoymamaq üçün belə addım atdığı vurğulanır.
Təşkilatçıların qonorarı artırmaq təklifləri Pekkanın mövqeyini dəyişdirməyib. O, Yeni ili bacısı ilə birlikdə Bodrumdakı villasında keçirib.