Ru
13:58 / 17 Noyabr 2025

İmperiya xəyalpərəstliyinin son gecəsi... - Sabir Rüstəmxanlı

 İmperiya xəyalpərəstliyinin son gecəsi... - Sabir Rüstəmxanlı
Eye

Bu gün Milli Dirçəliş günümüzün 37 illiyidir. Xalqımızı tariximizin bu möhtəşəm günü münasibəti ilə ürəkdən təbrik edirəm. Aravermədən 18 gün davam edən Meydan epopeyası sonradan ölkəmizdə dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran Milli Azadlıq hərəkatına çevrildi. O hərəkata həsr olunmuş “Xətai Yurdu, Xalq Meydanı” adlı əsərimdən bir parçanı paylaşmaqla həmin günləri xatırlatmaq istəyirəm.

***

1988-ci ilin qışında, dekabr ayının 4-dən 5-nə keçən gecə – Azərbaycanda kommunist ilğımının, imperiya xəyalpərəstliyinin son gecəsi oldu. Bu gecəni adlayıb fıkirdə keçmişə qayıtmaq olsa da, keçmişin ideologiya və siyasət yollarına qayıtmaq mümkün deyil. Həmin gecə tankları tırtılları altında qalan SSRİ-nin son ümidləri idi. Azərbaycan qızlarının və qocalarının başına dəyən zopalar Kremlin başına dəyirdi. Projektorların gur işığında meydan "təmizləndi", amma xalqla birlikdə imperiya da meydandan çıxdı və ora qayıtmaq ümidlərini biryolluq itirdi; xalqı meydandan qovmaqla meydanı həmişəlik xalqa verdilər, bu meydan bir daha SSRİ-nin şərəfinə hərbi keçidlərə və möhtəşəm bayram şənliklərinə sinə açmayacaqdı.

Meydan özü boyda bir tonqaldı, həniri uzaqdan vururdu, içindən keçmək nədir, heç həndəvərinə dolanmaq olmurdu; üzləri qarsır, ürəkləri dağlayır, gözləri yaşla doldururdu. Ülvi təmizlik və ağlasığmaz yalan, əlçatmaz ucalıq və hiylə bataqlığı, bərabəri olmayan sevgi və qartımış nifrət, bir ömrə bəs edəcək sevinc və min illərin ağrısını dayışan kədər – hamısı gəlib meydana bağlanmışdı.

Bura saysız duyğuların düyün nöqtəsiydi, yuxularım ərşə çəkilmişdi, gözümü yuman kimi beynimdə meydan uğuldayır, gözümdə tonqallar alışır, insan simalarının sahilsiz ümmanına qarışıb itirdim. Meydan Bermud üçbucağıydı, burda zaman, yol və istiqamət itmişdi, burda yenidən doğulmuşdum. Və bu yeni adam keçmiş, onun səksəkələri və ehtiyatkarlığı üzərində gülürdü. Meydanın hər günü ölüm haqqında düşünürdüm, meydanı adlayandan sonra ölüm hissi mənim üçün öldü.
Düzünə qalsa, bütün xalq dəyişilmişdi. Amma yeniləşən baxış və münasibətlərin yükü də çox ağırdı. Meydanda hər şey xalqın təbii seçimi və bir milyon insanın iradəsinə bağlıydı, amma dinc günlərdə, rahat otaqlarda ötüb keçənləri incələyib hər cür yozumlar aparmaq ayrı işdir və bunu edirdilər də...

Meydan savaşı bitəndən sonra kim nə qədər istəsə araşdırma apara bilər, biri ölüsünə ağlasın, biri dirisinə; olay tamamlanıb, hər kəs gücünü qoyub ortaya, qanlı savaşdan diri və böyümüş çıxanların taleyi qorxub yaxın düşməyənləri təəssüfləndirirdisə, özünü kürsüdən millətə sırıya bilməyənləri də qəzəbləndirirdi və adları dildən düşməyən bizləri gözdən salmaq üçün yüz cür tələlər qurulurdu. Bu işə başçılıq edənlərin arasında sonradan kürsüyə dırmaşıb liderlik iddiasına düşən və hərəkatın bəhrələrini görən adamlar da vardı, özlərindən öncə qurulanın açarını axtarırdılar; bu işdə hökumətlə və rus cəsus şəbəkəsiylə bərabərdilər və öz məqsədlərinə çatmaq üçün öncə bizi üz-üzə qoymaq, sonra guya meydanın yetirdiyi təşkilatlar yaradıb onların başçılığını ələ keçirmək və millətin təmiz sevgisindən yararlanmaq istəyirdilər. Meydan burulğanından çıxıb bu düşmənçilik, satqınlıq və dedi-qodu burulğanına düşmüşdük. Millət gözü ilə gördüyünün şahidiydi, amma bir dəstə sonradan "meydan qəhrəmanı olanlar" düşmüşdülər ortaya, yalan və riyakarlıq karxanaları gecə-gündüz işləyirdi: Nemət belə gəldi, Sabir belə getdi, Əbülfəz belə dedi, Məhəmməd belə danışdı... Məqsəd birdi. Hərəkatı ləkələmək, orda seçilənləri üz-üzə qoymaq, onun mənəvi bəhrəsinə şərik olmaq və ya bütövlüklə sahiblənmək. Belə ağlasığmaz danışıqlar qulağıma çatanda hətta meydana getdiyimə görə özümü suçlayır, lənətləyir, baş götürüb bu dedi-qodu məmləkətindən, iblis sürüsündən uzaqlaşmaq istəyirdim. Qorxaqlar, yaxasını kənara çəkənlər işində-gücündədir, nə gözə görünür, nə də hədəfə çevrilir. Yəni doğrudan da el üçün ağlayan göz hökmən kor olmalıdır? Söz-söhbət üçün münbit "şərait" də yaranmışdı. Ağıl və məntiq arxaya keçib, iddia və qiymətlər ibtidai təfəkkürə söykənir, ovqatı mahiyyətdən xəbərsizlər yaradır.

İstintaq başlamışdı və onun meydan liderlərinin sonu olacağını sevinclə gözləyənlər də vardı...

Sabir Rüstəmxanlı, Xalq şairi

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar