Ru
14:44 / 20 Dekabr 2019

“İnfarkt keçirmişəm, əvvəlki kimi içə bilmirəm...” – 92 yaşılı Ömər Eldarov (MÜSAHİBƏ)

6817
Məşhur heykəltəraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, "Heydər Əliyev" ordeni laureatı Ömər Eldarovla doğum günü ərəfəsində görüşdük. Bu yaşda olmasına baxmayaraq, kabinetində yerindən qalxıb gəlib bizimlə görüşür. Sonra da eyni qayda ilə keçib öz yerində oturur. Belə insanlar, zənnimcə, hər zaman Allah qatında öz yerlərində oturublar. Allah qatında öz yerində oturan insan, adamın könlündə də oturar, xalqın sevgisində də. O da elələrindəndir.


Ömər Eldarovun BakuPost-a müsahibəsi:

- Ömər müəllim, hiss edirəm ki, yaxşısınız.

- Bəli, yaxşıyam. Ancaq belə götürəndə həkimlərsiz ötüşmək olmur. Mütəmadi olaraq həkimlərlə görüşüb, müalicə alıram.

- Səhhətinizlə bağlı narahatlıq var?

- Var, var. Ürəyimdə problem var. Bu yaşımla əlaqədar bir məsələdir. Baxmayın, 92 yaşındayam. Yaş da öz sözünü deyir.

- Yaş heç 92-ni göstərmir.

- Bu yaxınlarda tam 92 yaş olacaq. Dekabrın 21-də.

- Yəqin, qayğılarınız da çoxdu. Problemlər başınızdan aşıb - daşır bəlkə...

- Yox. Qayğım - zad yoxdur. Yaş çox olanda adamlar yalandan deyir ki, hər şey yaxşıdır. Yox, yaşım çoxdur. Oram-buram da ağrıyır. Gözlərim də çox zəif görür.

- Amma yenə də buna rəğmən, işə gəlib – gedirsiniz, işləyirsiniz. Yaradıcılıqla da məşğul olursunuz. Yəqin müəyyən rejiminiz də olar?

- İndi belədir ki, mən səhər saat 8-də dururam. Sonra 10-un yarısı Akademiyaya gəlirəm. 12-yə qədər burdayam. Sonra da evə gedirəm. Ordan da emalatxanaya gedirəm. 4 mərtəbəli ev tikmişəm. Evlə emalatxana bir yerdədir. Ancaq emalatxanada oluram. Saat 11-də də yatıram.

- Bəs ətrafda, ölkədə, dünyada baş verən hadisələri izləmək, məlumat almaq imkanlarınız olurmu?

- Tədbirlər çox olur. Sərgilər açılır. Konfranslar olur. Hamısına da çağırırlar. Mən də gedirəm. Heç bir dəvəti geri çevirmirəm.

- Dövlət tədbirlərinə də çox qatılırsınız?

- Bəli, əsasən dövlət tədbirlərinə gedirəm.

- Adam var xarakterlə yaradıcılığıyla üst-üstə düşmür. Bu qədər ömür yaşayıb gənc qalmağın sirri olmamış olmaz.

- Nə deyim. Həyatdı. Yaşayıram gedir də. İndi içmirəm. İnfarkt keçirmişəm, qorxuram içməyə. Həftədə bəlkə də 50 qram içə bilirəm. Əvvəllər çox içərdim, indi yox.

- 50-100 bəs edir də deyirsiniz?

- 100 yox. Qəti olmaz. 50, ancaq 50-i ilə kifayətlənirəm.



- Siqaret heç çəkənə də oxşamırsınız. Sənətkar olasan, içki, siqaret olmaya, belə bir şey olarmı, Ömər müəllim?

- Əvvəllər çəkmişəm. Təxminən 40 yaşımda o məsələni bağladım.

- Səbəb oldumu?

- Səbəb deyəndə, mənə elə gəldi ki, atmaq lazımdır bu siqareti. Mən də atdım getdi.

- Bəs müalicəniz necə gedir? Təbii vasitələrləmi?

- Mənim bir həkimim var. Həmişə özümü ona göstərir, yoxladıram. Mənə təzyiq problem verir. Əsasən budur.

- Yaradıcılıq necə gedir? Əvvəlki temp durur...?

- Yox, yox, əksinə, temp daha da yuxarı qalxıb. İşlər çoxdur əldə. Bilirəm ki, vaxtım azdır.

- O işlər sifarişlərdir?

- Bəli. Hamısı sifarişlərdir. Mən də çalışıram ki, o işləri sürətləndirəm.

- Sənətdə ilham, ilham mənbəyi olmalıdır da deyirlər. Ancaq bu heykəltəraşlıqda sifarişlərsiz mümkün deyil, istər-istəməz. Öz ilhamınızla bir abidə yaratmısınızmı?

- Bilirsinizmi, bu dediklərinizi bölmək lazımdır. Biri var sərgi üçün, biri də var monumental işlər. Monumental işlər heç vaxt sifarişsiz ola bilməz. Buna yer, pul, qərar lazımdır. Dövlətin qərarı hökməndir. Bir hissəsi isə sərgi üçün nəzərdə tutulmalıdır. Mən sərgi ilə bağlı əsərlərimi necə istəsəm, o cür işləyirəm. İndi məndə bir neçə sifarişlər var. Bu işlərin ideoloqu özüm oldum. Təklif verdim. Bəyəndilər. Qəbul elədilər.

- Hara təklif elədiniz?

- Mehriban xanıma təklif elədim.

- Hansı təklif idi?

- Koroğlunun heykəlini dedim. Amma şəhərdə olmayacaq, olacaq Beşbarmaq dağının önündə. Orda dağın ön hissəsində bir qala fonu yaranacaq. O qalada da Koroğlunun heykəli at belində ucaldılacaq. Bunu mən təklif etdim, bəyəndilər sağ olsunlar. İndi də işlərərə başlayacağıq.

- Şəhərədə Koroğlunun at belində bir abidəsi də var.

- Var. Tokay Məmmədovun işidir.

- Hə. Ancaq at elə biləsən başqa şeyə oxşayır eee, Ömər müəllim. Yəni o at Azərbaycan insanının beynindəki, ruhundakı o ata oxşamır sanki. Çox cılız görsənir...

- Yox. Mən o barədə danışa bilmərəm. Mən nə edirəmsə, ondan danışacam. Mənim bu heykəlim arxitekturadır. Sütundur. Qranitdən sütun olacaq. Hündürlüyü 18 metr. Ondan yuxarıda uçan at olacaq.



- Qanadlı at?

- Yox, uçan at. Ondan aşağıda iki qartal olacaq. Yəni qartallardan da yuxarıda Koroğlunun atı olacaq. Mən onu şəhərdə istəmədim. İstərdim təbii mənzərədə olsun. Yolun kənarıdır. Kim hara gəlib getsə, bu əsəri görəcək. İstər xaricilər, istər öz insanlarımız.

- Dünya şəhərlərdindən biriyik. Bizdə ilk heykəl kimin işi olub?

- Bizlərdən ilk maraqlı heykəl Nizaminin heykəlidir. Fuad Əbdürrəhmanovun əsəridir. Onun işidir. Çoxdan rəhmətə gedib.

- Ümumi götürsək, sovet dövrdən qalma ən maraqlı heykəll hansıdır?

- Nizaminin heykəli.

- Nədi onda sizi çəkən, cəlb edən?

- Adamı çəkir. Monumentaldır. Baxan kimi, bilirsən ki, əsərdir.

- Sovet dövründə o vaxtın sisteminin qəhrəmanlarına qoyulan heykəllər vardı. Azərbaycan müstəqil olanda çoxu yoxa çıxdı. Kirov, Lenin, Orcanadze, sahil bağındakı 26-ların abidələri dağıdıldı. Bunlar qalmalıydımı? Yaxud, indi qoyulan heykəllər bizdən sonra dağıdıla bilərmi?

- Bu çox mürəkkəb sualdır. Bu, bizdən asılı olmayan məsələlərdir. İdeologiya dəyişib. Bütöv dəyişib. Zamana, ideologiyaya görə dəyişib hər şey. Ancaq bir yerdə saxlamaq olardı o abidələri.

- Sizin tələbələriniz varmı? İllərdir sanki Azərbaycanda bu işlərin içində rəqibiniz yox kimidir.

- Tələbələrim çoxdur. Olduqca talantlı, bacarıqlı şagirdlərim var. Azərbaycanın milli qəhrəmanı Albertin büstünü mənim tələbələrim qoyub. Düzdü əyər-əksiyinə fikir bildirib yardımçı olmaq mümkündür. Ancaq mənim rəhbərliyimlə onların işlərdir.

- Bizdə heykəltəraşlığın səviyyəsi nə yerdədir?

- Yüksək səviyyədədir. Bir neçə tələbə, gənc sənətkar yığışıb hər şey edə bilər. Ancaq sifariş yoxdur.

- Sifarişi də sizlərə verirlər?

- Hə, mənə verirlər.

- Deyirsiniz heykəltəraşlığa münasibət bizdə o qədər də ürəkaçıcı deyil?

- Yox, bizdə heykəltəraşlığa yaxşı münasibət yoxdur. Sifarişlər mütləq olmalıdır.

- Keçmiş Sovetlər birliyində sizi qane edən, sizə xoş təsir bağışlayan hansı bir şəhər olub ki, o şəhərin heykəl və arxitekturası sizi qane edib.

- Rusiya. Sankt-Peterburq şəhəri. Avropada belə şəhərlər daha çoxdur. Floranslıya, Madrid, Paris, London, Köln... şəhərlər çoxdur Avropada.

- H.Z. Tağıyevin o zamanlar tikdirdiyi binalar var, o binaları arxitektorluq baxımından necə dəyərləndirə bilərik?

- Onlar gözəl nümunələrdir.

- Tağıyev olmasaydı, bu əsərlər olmazdı yəqin.

- Bəlkə də az olardı. Başqa zənginlər və iş görənlər də olub. Musa Nağıyev kimi... Onlar çalışıblar ki, bizdə gözəl binalar olsun.

- Siz Bakıda elə bir yer görürsünüzmü ki, deyəsiniz, bax, burda bir boşluq var. Burda möhtəşəm bir abidə yaratmaq olar? Elə bir proyektiniz varmı?

- Məndə siz dediyiniz şəkildə proyekt yoxdur. Ancaq gərək olsun. Çünki bizdə meydanlar, parklar, bağlar çoxdur. Bu yerlərdə maraqlı heykəllər, əsərlər yaratmaq olar. Bizim şəhərin parklarında, bağlarında, meydanlarında boşluq çoxdur.

- Dədə Qorqudu da siz işləmiisiniz.

- Hə. Mən işləmişəm. Ancaq nədənsə bəyənmirlər.

- Dədə Qorqud öz ideyanızdımı, yoxsa sifariş verilmişdi?

- Yox , özüm işləmişdim.

- Sizcə niyə bəyənmirlər? Bəlkə sənətkarlıq baxımından zəifdir. Bəlkə xalq sizi başa düşə bilmir? Bu xalqın təxəyyülündəki Dədə Qorqudu ifadə edə bilməmisiniz bəlkə?

- Bilmirəm, bilmirəm, doğrusu. Bilmirəm. Cavabını verə bilmirəm. İndi Arif Məlikovu işləyirəm. Birinci Fəxri Xiyabanda olacaq. O da dövlət sifarişidir.

- Bu sifarişi də Mehriban xanım verib?

- Yox. Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyəti verib bu sifarişi bizə.

(ardı daha maraqlı olacaq)

Söhbətləşdi: xanəmir telmanoğlu

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər