Ru
20:26 / 09 Sentyabr 2025

İnhisarçılıq taksilərdən də yan keçmədi: Bu "məmurcuq"ların əllərinə səlahiyyət keçən kimi... - İqtisadçı

İnhisarçılıq taksilərdən də yan keçmədi: Bu "məmurcuq"ların əllərinə səlahiyyət keçən kimi... - İqtisadçı
Eye

Azərbaycan Avropada taksi qiymətlərinə görə ən ucuz ölkələrdən biri idi. Taksi xidməti yeganə sahə idi ki, son 10 ildə qiymətlər xeyli ucuzlaşmışdı (son bir ilə qədər), devalvasiyalardan öncə daha baha olan taksidə gediş haqqı, 2015-dən, manat dəyərdən düşəndən sonra, əksinə, daha da ucuzlaşmışdı. Hökumət, təbii ki, belə şəraitə dözə bilməzdi, necə yəni rəqabət, ucuzlaşma var – olmaz axı, rəqabət də olmaz, ucuz xidmət də. Ona görə də, “qlobalist trendlərə” tam sadiq hökumətimiz, bu sahəyə aşırı tənzimləmə qaydaları gətirərək taksi xidmətini bahalaşdırmağa başladılar.

Bakupost.az xəbər verir ki, bunu ReAL partiyasının sədri Natiq Cəfərli hava limanından şəhər istiqamətinə taksi xidmətlərinin dayandırılması ilə bağlı qərara münasibət bildirərkən qeyd edib.

Keyfiyyət dəyişməsə də, qiymətlərin artdığına diqqət çəkən partiya sədri bu inhisarçı fikrin "ideya müəllifi"nin hansısa bir məmur olduğunu bildirib:

"Mediada hələ bunu, “tıxaclarla mübarizə” kimi təqdim edən məmurcuqlar da var idi – hanı, tıxaclar azaldımı?! Təbii ki, yox, amma, qiymətlər artdı, rəqabət zəiflədi, əsas məqsəd də bu idi. Çünki, taksi sahəsində rəqabət, rəqabət sahəsində ucuzluq görən vətəndaş, birdən çaşıb başqa sahələrdə də rəqabət istəyər, hökumətdən bunu gözləyə bilərdi – olmaz axı, vətəndaş niyə rəqabət haqqında düşünməlidir?!

İndi də xəbər yayılıb ki, Hava Limanından şəhərə taksi xidməti tam inhisara alınır, ora getmək olar, amma, şəhərə gəlmək üçün ancaq xüsusi taksilərdən, özü də, daha baha qiymətə istifadə etmək lazım gələcək - əladır da, məmurlarımız bu yolla, yəqin ki, turizmi inkişaf etdirirlər, "halal olsun".

"Düşünürəm ki, bütün iyrənc inhisarçılıq kimi, bu addım da çox bəsit "məntiqdən" doğub – hansısa məmurcuğun, hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti azad, rəqabətli olmalıdır ki?! Öz-özünə deyib ki, gəl elə Hava Limanından şəhərə gəlişi alım inhisara, ancaq mənə hər gedişdən pay verən sürücülər işləsinlər, oturduğum yerdə günə 5-10 min manat qazanım da – elə deyil, “papulya”, yox e, sorry, "dad”?!

Bəli, dad, min dəfə dad belə məmurcuqlar əlindən, əllərinə səlahiyyət keçən kimi gözləri heç nə görmür..."

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulduğu ilə bağlı “Uber”, “Bolt” və tətbiqlə sifariş qəbul edən digər sürücülərə xəbərdarlıq göndərilib. Heydər Əliyev Beynəlxalq Aeroportundan isə bildirilib ki, işgüzar nüfuza mənfi təsirin, eləcə də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklərə önləmlər almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar