Ru
09:04 / 17 Noyabr 2020

İnternatda böyüyən qəhrəman - Elçinin evindən VİDEOREPORTAJ

5941

Bir gün silahı sevəcəyim ağlıma belə gəlməzdi... Bir şey ki, qan tökür, necə sevəsən? Ancaq zaman keçdi, Qarabağ döyüşləri başladı, anladım ki, hətta silah da haqq əsgərinin əlində olanda sevilir. Çünki ədaləti, Haqqı bəzən əliyalın, quru sözlə qorumaq mümkün olmur.

Müharibədən əvvəl ətrafımızdakı insanların da bir elə fərqində deyildik. Yarımçıq qalan haqq işimizi tamamlamağa başlayanda anladıq ki, biz bir-birimiz üçün nə qədər dəyərli imişik. Əslində ətrafında sənə yad görünən bu insanlar bir anın içində səni qoruyanlara, bundan ötrü ölməyi şəhidlik sayanlara çevrilə bilirlərmiş. Bir anın içində... Bircə an bəs edirmiş ki, bu “yad” insanlar əsgərə çevrilsin, bir tüklərinə belə zaval gəlməsin deyə, gecə-gündüz dua edəsən, atılan bütün güllələrin, mərmilərin onlara deyil, sənə dəyməsini diləyəsən.

Bir də anlayırsan ki, əslində Vətən dediyin bu insanlar imiş.

Özləri evsiz böyüsə də, başqasının evini düşməndən azad etməyə gedənlər.

Başqasının övladları ata-analı, azad, hür yaşasın deyə, öz övladlarının atasız qalmasına razı olanlar.

Başqası başı dik gəzə bilsin deyə, sinəsini gülləyə-mərmiyə sipər edənlər.

Və nəhayət... “başqası” sözünü unudanlar, unutduranlar...

Bir an bəs edirmiş ki, bu insanlar səni də özlərinə qatıb Vətənə, yurda, torpağa çevirsin...

Bu müqəddəs yolda yürüməyimiz üçün bizə cığır açanlardan biri də Elçindi. Elçin Əhmədov.

Ata-anasını erkən itirən, azad etdiyi Hadruta "Maştağa 1 N-li internat" yazmaqla birlikdə böyüdüyü bütün internat uşaqlarının imzasını atan Elçin Əhmədov.
Bütün ölkəni bir ailəyə çevirməyi bacaran əsgər!

İndi haqqında çox şey yazmaq da olmur. Çünki ən yaxşı sözləri özü cəbhədə deyir. Özü də kamera, mikrofon, klavyatura ilə deyil, Haqq yürüşündə olanlara sevdirə bildiyi silahı ilə.

Hələlik isə “BakuPost” olaraq, Elçinin evindən hazırladığımız qısa videoreportajla kifayətlənək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər