Uzun illər Türkiyədə müxtəlif media qurumlarında çalışan jurnalist Hilal Karıncalı bu gün tamamilə fərqli bir həyat yaşayır. O, jurnalistikadan uzaqlaşıb və hazırda dənizçi kimi, daha dəqiq desək, yaxtada müştərilərə xidmət göstərən heyət üzvü kimi çalışır.
Hilal Karıncalı “TRT Haber”, “Mavi Karadeniz”, “Rumeli TV”, “Doğan” İnformasiya Agentliyi, Sakaryadakı qəzetlər və “Radio Stok FM”də fəaliyyət göstərib. İllərlə jurnalistikanın dinamik tempinə alışsa da, indi həyatını dənizlərə bağlayıb.
Bakupost.az-ın əməkdaşı Hilal Karıncalının çalışdığı yaxtada qonaq olub və onunla söhbət edib. Hilal xanım jurnalistikadan dənizçiliyə keçidinin səbəblərini belə izah edib:
“Türkiyədə jurnalist olmağın öz çətinliyi var: mütləq siyasi tərəfin olmalıdır. Bu isə mənim üçün qəbuledilməzdir”.
Hilal xanım bildirib ki, yay mövsümündə dənizdə çalışır, müştərilərə xidmət göstərir, onlara müxtəlif sahələrdə kömək edir. Qış mövsümündə isə işini dayandırır, ailəsinin yanına qayıdır və fürsət düşdükcə səyahət edir:
“Həyatım iki mövsümə bölünüb: Yayda dəniz, qışda isə ailə və istirahət. Bu ritm məni yormur, əksinə, hər iki tərəfi doya-doya yaşayıram”.
Hilal Karıncalı deyir ki, dəniz həyatının çətinlikləri olsa da, maddi və mənəvi qazancı onları unutdurur:
“Yaxtada işləmək asan deyil. Fiziki olaraq yorulursan, amma qazanc, dəniz havası, fərqli insanlar və qeyri-adi təcrübələr bu əziyyəti kompensasiya edir”.
Onun hekayəsi sübut edir ki, insan həyatının istənilən mərhələsində dəyişiklik edə bilər, yetər ki, cəsarəti və istəyi olsun.