İran dron hücumlarından istifadə etməklə və Yaxın Şərqdə sabitliyi pozmaqla müharibəni regionun digər ölkələrinə yaymağa çalışır.
Bakupost.az Report-a istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ və Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin təcili görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"İran müharibəni ixrac edir, xaos yaratmaq üçün onu mümkün qədər çox ölkəyə yaymağa çalışır. Məhz bu, bugünkü təcili iclasın çağırılmasına səbəb olub", - o qeyd edib.
Kallasın sözlərinə görə, İran Fars körfəzi ölkələrinə pilotsuz uçuş aparatları ilə hücum edir – Ukraynaya qarşı müharibədə də bu dronlardan istifadə olunur. O deyib ki, Ukraynanın dronların zərərsizləşdirilməsi və müdafiə sistemlərinin yaradılması sahəsindəki təcrübəsi region ölkələri üçün faydalı ola bilər.
Avropa diplomatiyasının rəhbəri əlavə edib ki, Avropa dəniz yollarının təhlükəsizliyindən ciddi şəkildə narahatdır, buna görə də Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi üçün Avropa hərbi-dəniz qüvvələri regiona göndərilib.