Səudiyyə Ərəbistanında səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski bu ölkəyə göndərilən ukraynalı hərbi mütəxəssislərlə görüşüb.
Bakupost.az Yeni Sabah-a istinadən xəbər verir ki, dövlət başçısı artıq bir həftədən çoxdur Səudiyyə Ərəbistanında olan mütəxəssislərin gördüyü işlər və ilkin nəticələr barədə məlumat alıb.
Prezidentin sözlərinə görə, əsas məqsəd bölgədə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, xüsusilə İran istehsalı “Shahed” tipli pilotsuz uçuş aparatları və raketlərə qarşı daha effektiv tədbirlərin müəyyənləşdirilməsidir.
V.Zelenski ukraynalı ekspertlərin qısa müddətdə mühüm nəticələr əldə etdiyini və öz təcrübələrini bölüşərək Ukraynada mülki infrastrukturun necə qorunduğunu nümayiş etdirdiklərini vurğulayıb. O qeyd edib ki, Ukraynanın bu sahədəki təcrübəsi unikal hesab olunur və beynəlxalq tərəfdaşlar tərəfindən böyük maraqla qarşılanır.
Görüş zamanı tərəflər Səudiyyə Ərəbistanında hava məkanının qorunmasının gücləndirilməsi üçün konkret addımları müzakirə ediblər. Bu çərçivədə xüsusilə pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi üsullarına diqqət yetirilib.
Ukrayna Prezidenti ölkəsinin tərəfdaş dövlətlərin təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu və uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu bildirib.