Ru
15:50 / 27 Mart 2026

“Mənim sərbəst harasa gedən vaxtım deyil” - Barat Şəkinskayanın qızı

“Mənim sərbəst harasa gedən vaxtım deyil” - Barat Şəkinskayanın qızı
Eye

Bayram günlərində evdə oldum, heç yerə getmədim. Daha mənim sərbəst çıxıb harasa gedən vaxtım deyil, çətindir. Üç ay sonra 94 yaşım tamam olacaq. Ancaq qohumlar gəlib mənə baş çəkirlər.

Bakupost.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycanın ilk qadın telerejissorlarından biri olan Solmaz Həmzəyeva deyib.

Rejissor bildirib ki, ev şəraitində özü-özünə qulluq edir. O, səhhətindən narazı olmadığını qeyd edib.

“Doğrudur, cavan deyiləm. Amma mənim yaşda olan bir çoxu ilə müqayisə etsək, hər şəy qaydasındadır. Evdə hər işi özüm görürəm. Heç qızıma da icazə vermirəm ki, gəlib mənə kömək etsin. İşimi başqası görsə, özüm öz gözümdən düşərəm. Həmişə görməyə iş tapıram. Allah məni kiməsə möhtac etməsin.

Bayramda şəkərbura, paxlava bişirmədim. Çünki onları cavan vaxtımda da bişirməmişəm. Anam da sağlığında bişirməmişdi deyə öyrənməmişəm. Elə olurdu ki, Novruz bayramında da anam işləyirdi. Yadımdadır, bayramlarda bizim üçün təzə nəsə alırdı. Dünən məndən 5 yaş kiçik bacım bizə gəlmişdi, anamı xatırladıq, ondan danışdıq. Anamla yaşayıram, hər saniyə onunla danışıram”.

Rejissor tanınmış diktor rəfiqələrindən də danışıb:

“Roza Cəlilova və Şərqiyyə Hüseynova ilə danışıram. Ofeliya Sənani həyat yoldaşı rəhmətə gedəndən sonra tək qaldı, ona çətin oldu. Biz digər 3 xanım isə partizan kimi həmişə hər şeyi özümüz etmişik deyə bizə ayaqda qalmaq çətin olmadı. Bəzən rəfiqələrimlə görüşürük, dərdləşirik. Amma çölə tez-tez çıxmağa həvəsim yoxdur. Adam belə həyat tərzinə alışır”.

Qeyd edək ki, Solmaz Həmzəyeva Azərbaycanın tanınmış aktrisası Barat Şəkinskayanın və teatr rejissoru Mir İbrahim Həmzəyevin qızıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar